Xəbərlər
Sülh, sabitlik və davamlı inkişaf
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı tarixi köklərə, ortaq mədəniyyətə və coğrafi yaxınlığa bağlıdır. Geosiyasi baxımdan mühüm əhəmiyyətə malik Cənubi Qafqaz regionunda yerləşən hər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr davamlı tərəqqi yolu keçərək, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə geniş əməkdaşlıq imkanları ilə regionda sabitliyin və inkişafın möhkəmlənməsinə mühüm töhfə verən çoxşaxəli münasibətlər sisteminə çevrilmişdir.
Azərbaycan və Gürcüstan Cənubi Qafqaz regionunda strateji tərəfdaşlıq münasibətləri ilə seçilən qonşu dövlətlərdir. Son illərdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolu vardır. Bu səfərlər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Hər iki ölkə beynəlxalq münasibətlər sistemində bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır, müxtəlif beynəlxalq təşkilatlar və regional əməkdaşlıq platformaları çərçivəsində bir-birini dəstəkləyərək ortaq mövqe nümayiş etdirir. Bu cür qarşılıqlı dəstək və siyasi həmrəylik iki dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, eyni zamanda Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin güclənməsinə mühüm töhfə verir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri qarşılıqlı əlaqələrin gələcək inkişafında mühüm mərhələ olmaqla birgə əməkdaşlığın daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artırılmasına mühüm töhfələr verir. Səfər çərçivəsində keçirilmiş görüşlər zamanı Cənubi Qafqaz regionunda sülh və sabitlik mühitinin davamlı inkişafa şərait yaratmasının ifadə olunması, iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılması ilə yanaşı iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, humanitar və mədəni sahələrdə əməkdaşlığın təşviqi, eləcə də qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin qeyd olunması Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı və səmərəli inkişafını təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarında qeyd olunan fikirlər regionun siyasi-iqtisadi dayanıqlılığı və davamlı inkişafı yönündə atılan mühüm addımların əhəmiyyətini vurğulayır, həyata keçirilən tədbirlərin qarşılıqlı etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsində əvəzsiz rol oynadığını göstərir.
Qarşılıqlı səfərlər, icra olunan layihələr və geniş əməkdaşlıq proqramları sayəsində iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin təmin edilməsi, investisiya və ticarət imkanları artırılması, regional inteqrasiya proseslərinə töhfə verərək gələcəkdə uğurlu nəticələrin əldə olunması üçün möhkəm baza formalaşdırır. Bu baxımdan, Azərbaycan–Gürcüstan münasibətləri həm ikitərəfli, həm də regional səviyyədə strateji əhəmiyyət daşıyan model əməkdaşlıq nümunəsi kimi xüsusi əhəmiyyətə malik olmaqla məqsədyönlü inkişafa, davamlı tərəqqiyə şərait yaradır.
