YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Unikal tərəfdaşlıq modeli

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Müasir dövrdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dinamik inkişaf edərək regionun ən nümunəvi strateji tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Xüsusilə yüksək səviyyəli görüşlər zamanı qəbul edilən qərarlar və imzalanan sənədlər əməkdaşlığın hüquqi və institusional bazasını genişləndirir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan–Gürcüstan münasibətlərinin müasir dövrdə formalaşmasının əsas memarıdır. Onun uzaqgörən və praqmatik xarici siyasət kursu nəticəsində iki ölkə arasında münasibətlər sadə qonşuluq çərçivəsindən çıxaraq daha da inkişaf etmişdir. Ulu Öndər tərəfindən əsası qoyulan enerji və nəqliyyat strategiyası regionda qarşılıqlı asılılığa əsaslanan əməkdaşlıq modelini formalaşdıraraq bu əlaqələri davamlı və dönməz etmişdir. O, həmçinin dövlət səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi yolu ilə siyasi dialoqu sistemli xarakterə çevirmiş və tərəflər arasında yüksək etimad mühitinin bərqərar olmasını təmin etmişdir. Bu strateji xətt bu gün də Azərbaycan-Gürcüstan münasibətlərinin dərinləşməsində fundamental ideoloji və siyasi baza kimi öz aktuallığını qoruyur. Bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilirək inkişaf edir.

Dövlət səviyyəli təmaslardan bəhs edərkən qeyd etmək lazımdır ki, regionda sabitliyin qorunması və təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsinə şərait yaradır. Qarşılıqlı səfərlər həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və ortaq maraqların müdafiəsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu görüşlər iqtisadi inteqrasiyanın sürətlənməsinə və investisiya mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir. Siyasi iradənin yüksək səviyyədə nümayiş etdirilməsi tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter almasını təmin edən əsas faktorlardan biridir. Azərbaycan-Gürcüstan münasibətlərində dövlət səviyyəli səfərlər əməkdaşlığın strateji mahiyyətini gücləndirən və onun gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas mexanizmlərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyev-in 2026-cı il aprelin 6-da Gürcüstana həyata keçirdiyi səfər çərçivəsində səsləndirdiyi bəyanat iki ölkə arasında münasibətlərin yalnız cari vəziyyətini deyil, həm də gələcək inkişaf trayektoriyasını aydın şəkildə ortaya qoydu. Bu çıxış bir daha təsdiqlədi ki, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq sırf diplomatik çərçivə ilə məhdudlaşmır, əksinə, dərin tarixi köklərə və xalqlar arasında formalaşmış möhkəm mənəvi bağlara əsaslanır. Əsrlər boyu qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri üzərində qurulan bu münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək region üçün sabitlik modeli rolunu oynayır.

Ölkə Başçısının çıxışında xüsusi vurğulanan məqamlardan biri də Gürcüstanda formalaşmış siyasi sabitlik mühitinin iqtisadi inkişaf üçün yaratdığı əlverişli şərait idi. Qeyd olunub ki, sabitlik daxili idarəetmənin nəticəsi olmaqla yanaşı eyni zamanda xarici investorların etimadını qazanan əsas amillərdən biridir. Bu kontekstdə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi böyük həcmli sərmayələr təsadüfi deyil, məhz bu sabit mühitə olan inamın real göstəricisidir. Bu yanaşma onu deməyə əsas verir ki, iqtisadi tərəqqi və siyasi sabitlik paralel şəkildə inkişaf edən və bir-birini tamamlayan proseslərdir.

Bununla yanaşı, beynəlxalq platformalarda iki ölkənin nümayiş etdirdiyi həmrəylik xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər ətrafında vahid mövqe nümayiş etdirərək beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlar kimi çıxış edirlər. Bu koordinasiya edilmiş siyasət regionda balansın qorunmasına və qarşılıqlı dəstəyin daha da güclənməsinə xidmət edir.

İqtisadi əməkdaşlıq müstəvisində əldə olunan nəticələr isə bu strateji tərəfdaşlığın konkret və praktik nəticələrini əks etdirir. Ticarət dövriyyəsinin davamlı artımı, enerji və infrastruktur layihələrinə yatırılan investisiyalar, xüsusilə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi milyardlarla dollar həcmində sərmayə iki ölkə arasında inteqrasiyanın yüksək səviyyədə olduğunu sübut edir. Eyni zamanda üçüncü ölkələrdə birgə investisiya təşəbbüslərinin gündəmə gətirilməsi əməkdaşlığın artıq regional çərçivədən çıxaraq daha geniş coğrafiyanı əhatə etməyə başladığını göstərir.

Regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda bu əməkdaşlıq daha da aktuallaşır. Cənubi Qafqaz artıq uzun illər davam edən münaqişələrdən sonra yeni mərhələyə qədəm qoyaraq əməkdaşlıq və inkişaf məkanına çevrilməkdədir. Bu prosesdə Gürcüstanın oynadığı rol xüsusi vurğulanır. Eyni zamanda Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində iqtisadi əlaqələrin, xüsusilə ticarət və qarşılıqlı faydalı layihələrin ön plana çəkilməsi sülhün möhkəmləndirilməsi üçün mühüm vasitə kimi qiymətləndirilir. Bu yanaşma göstərir ki, iqtisadi inteqrasiya siyasi sabitliyin təmin olunmasında əsas mexanizmlərdən biridir.

Enerji və nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr isə Azərbaycan-Gürcüstan tərəfdaşlığının strateji mahiyyətini daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi təşəbbüslər bütövlükdə Avrasiya məkanında enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Azərbaycan və Gürcüstan qlobal iqtisadi sistemdə tranzit və enerji mərkəzləri kimi mövqelərini möhkəmləndirirlər.

Bütün bu faktorlar göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu ittifaq yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Müasir dövrdə belə bir əməkdaşlıq modeli region üçün sabitlik və inkişaf nümunəsi kimi çıxış edir.

Prezident İlham Əliyevin səfəri çərçivəsində səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan ilə Gürcüstan arasında qurulmuş münasibətlər davamlı inkişaf xətti üzrə irəliləyir. Mövcud dinamika, yeni iqtisadi təşəbbüslər və siyasi koordinasiya bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini və Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın əsas dayaqlarından biri olaraq qalacağını qəti şəkildə göstərir.