Xəbərlər
"Aprel döyüşləri tarixi Zəfərin başlanğıcıdır”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir təşkil edib.
Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin ərazi partiya təşkilatında baş tutan tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Təhsil Sektorunun direktoru Elşən Ələsgərov, təşkilatın əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin bildirib ki, Aprel döyüşləri tarixi ədalətin bərpasının və böyük Zəfərin başlanğıcı olub. O qeyd edib ki, bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini və Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqların azadlığı uğrunda hər an hazır olduğunu göstərdi.
Fəxrəddin Vəliyev vurğulayıb ki, cəmi dörd gün davam edən Aprel döyüşləri sonrakı böyük zəfərlərin təməlini qoydu. Bu döyüşlərin yaratdığı ruh yüksəkliyi 44 günlük Vətən müharibəsində Şuşada bayrağımızın ucaldılması ilə nəticələndi, daha sonra keçirilən antiterror tədbirləri ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə azad edildi. Bu, qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldı.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, həmin döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq-birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu hadisələr uzun illər davam edən işğalın dəyişməz olmadığını sübut edərək gələcək qələbələrin əsasını qoydu.
Digər çıxış edənlər bildiriblər ki, Aprel döyüşlərindən 10 il keçməsinə baxmayaraq, xalqımız bu şanlı tarixləri böyük qürur hissi ilə xatırlayır və şəhidlərimizi daim ehtiramla yad edir.
Tədbirin sonunda məktəbin şagirdləri qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.
