Xəbərlər
Vyetnamın birinci xanımı Azərbaycanın Xan plovunu kəsdi
Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda Vyetnam Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi xeyriyyə yarmarkasında iştirak edib.
Yarmarkada ölkəmiz üçün ayrılmış stendin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını əks etdirən şəkillərdən istifadə olunub. Yarmarka zamanı ölkəmizə məxsus milli suvenirlər, xalçalar, Azərbaycanda istehsal olunan mürəbbə və çaylar, səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və digər təbliğat materialları nümayiş etdirilib. Bundan başqa, Azərbaycan stendini ziyarət edənlərə milli mətbəximizin ləziz nümunələri – plov, dolma, qutab, kükü, kətə, lavaş, firni, habelə çay təqdim olunub.
Vyetnamın birinci xanımı May Thi Han və xarici işlər nazirinin xanımı Nquyen Nquyet Nqa Azərbaycan stendini ziyarət ediblər. May Thi Han Azərbaycan stendinin yarmarkada ən çox bəyəndiyi stend olduğunu vurğulayıb və Xan plovunu kəsməklə öz dəstəyini ifadə edib.
Yarmarkada səfirliyin əməkdaşlarının, eləcə də onların ailə üzvlərinin Azərbaycan milli paltarlarında iştirakı ölkəmizin stendini digərlərindən fərqləndirən əsas amillərdən biri olub və tədbirə qatılanlarda böyük maraq doğurub.
Xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur. Əsas məqsəd satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf edilməsidir.