Xəbərlər
Tarixin susmayan yaddaşı
Zahir Qəhrəmanov
YAP Şirvan rayon təşkilatının sədri
Azərbaycan tarixində bəzi günlər var ki, onlar təkcə təqvim hadisəsi deyil, milli yaddaşın sınağı, xalqın varlığına yönəlmiş təhdidlərin acı simvoludur. 31 mart məhz belə günlərdəndir. Bu tarix yalnız keçmişin faciəsi kimi deyil, həm də gələcəyə yönəlik xəbərdarlıq və milli kimliyin qorunması zərurəti kimi qiymətləndirilməlidir.
XX əsrin əvvəlləri region üçün mürəkkəb geosiyasi proseslərlə yadda qaldı. Birinci Dünya Müharibəsi və 1917-ci il Fevral və Oktyabr inqilabları nəticəsində Rusiya imperiyasının dağılması Cənubi Qafqazda hakimiyyət boşluğu yaratdı. Bu boşluq isə müxtəlif qüvvələrin, xüsusilə də erməni silahlı dəstələrinin və onların siyasi dayaqlarının regionda təsir imkanlarını genişləndirdi.
Bu dövrdə “Böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə azərbaycanlıların yaşadıqları ərazilər sistemli şəkildə hədəf seçildi. Hadisələr spontan deyil, planlı və mərhələli şəkildə həyata keçirilirdi. Məqsəd yalnız fiziki məhv deyil, həm də əhalinin qorxu içində köçürülməsi və demoqrafik xəritənin dəyişdirilməsi idi.
1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri başda olmaqla Şamaxı, Quba, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədildi. Bu hadisələr tarixə Mart soyqırımı kimi daxil olmuşdur.
Xüsusilə Şamaxıda yüzlərlə kənd yandırılmış, Qubada isə sonradan aşkarlanan kütləvi məzarlıqlar bu vəhşiliyin miqyasını açıq şəkildə ortaya qoymuşdur. Qadınlar, uşaqlar və yaşlılar belə amansızcasına qətlə yetirilmiş, dini və mədəni abidələr dağıdılmışdır.
Tarixi faktlar göstərir ki, bu hadisələr təkcə yerli qarşıdurma deyildi. Ermənilərin silahlı dəstələri bolşevik qüvvələri ilə birlikdə hərəkət edərək Bakıda və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı hücumlar təşkil etmişdilər. Bu ittifaqın əsas məqsədi siyasi hakimiyyəti ələ keçirmək və milli qüvvələri zəiflətmək idi.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi.
Beləliklə, soyqırımı həm etnik, həm də siyasi motivli cinayət kimi tarixə düşmüşdür. Sovet hakimiyyəti dövründə 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu qərar yalnız tarixə qiymət vermək deyil, həm də milli yaddaşı qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından mühüm addım oldu.
Ulu Öndər bu faciəni belə qiymətləndirirdi bu hadisələr azərbaycanlılara qarşı aparılan sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsidir və dünya ictimaiyyətinə çatdırılmalıdır.
Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanından ötən müddət ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni terrorçularının həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Müasir dövrdə Azərbaycan dövləti bu soyqırımı faktlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Müxtəlif informasiya kampaniyaları, elmi konfranslar və diplomatik təşəbbüslər vasitəsilə bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.
Bu istiqamətdə əsas məqsəd yalnız keçmişi xatırlatmaq deyil, həm də belə faciələrin təkrarlanmaması üçün beynəlxalq hüquqi və mənəvi zəmin yaratmaqdır.
31 mart hadisələri bir daha göstərir ki, tarix yalnız keçmiş deyil o, həm də gələcəyin formalaşmasında mühüm rol oynayan amildir. Bu faciə xalqımızın yaddaşında yalnız kədər deyil, həm də birlik, dirəniş və milli özünüdərk rəmzi kimi yaşayır.
Bugünkü nəsil üçün əsas vəzifə bu tarixi unutmamaq, onu düzgün dəyərləndirmək və milli kimliyi qorumaqdır.
