Xəbərlər
İtkin düşənlərin və xəsarət alanların ailələri ilə əlaqə saxlamaq üçün SOCAR-ın idarələrində qruplar yaradılıb
“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə çalışan işçilər yanğın və partlayış təhlükəsi baxımından təxliyə planına uyğun hərəkət ediblər.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov dekabrın 6-da saat 20-də keçirilən mətbuat konfransında məlumat verib.
Xalik Məmmədov deyib: “Platformada 63 nəfər olub. Burada 4 xilasedici qayıq vardı. Bir xilasetmə qayığına 42 nəfər yerləşir. Qayıqların içərisində bir neçə günlük su və qida olub. İşçilər təxliyə planına uyğun olaraq xilasetmə gödəkçələrini geyinib, 36-sı bir qayığa, 27-si isə digər qayığa minib. Lakin güclü külək asılı vəziyyətdə qalan xilasetmə qayıqlarından birini estakadanın dəmir dirəklərinə çırparaq sındırıb və o, dənizə düşüb. Dalğanın hündürlüyü isə 10 metrə çatıb”.
X.Məmmədov bildirib ki, hadisə zamanı xəsarət alanların və itkin düşənlərin ailələrinə yardım göstəriləcək: “SOCAR-ın idarələrində qruplar yaradılıb və o qruplar itkin düşən, xəstəxanada olan insanların ailələri ilə əlaqə saxlayıb, onların problemləri ilə maraqlanırlar”.