YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlükəsizlik əsas amildir və səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə diqqətin və marağın artması dünyaya təqdim etdiyimiz inkişaf modelinin nümunəviliyini təsdiqləyir. Dövlətimizin düşünülmüş siyasətinin uğurlarından bəhs edərkən  Azərbaycanın iqtisadi, siyasi, humanitar və  diplomatik mərkəzə çevrilməsi xüsusi qeyd edilir.  Bu faktın özü  göstərir ki, Azərbaycanın  hər bir sahədə təcrübəsi təkmildir və öyrənilməsi əsas çağırışlar sırasındadır. Martın 12-14 tarixlərində   Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər, dövlət başçısının çıxışında əksini tapan çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyev çıxışında bildirdi ki, builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.  30 illik işğal dövründə əsas hədəf  sülhün və suverenliyimizin bərpası idi. Artıq yeddi aydır ki sülh şəraitində yaşayırıq.  Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik. Cənab İlham Əliyev bildirdi ki, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, son onilliklərdə  nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan daim qlobal çağırışların düzgün cavablandırılması üçün birgə səylərin göstərilməsini, təcrübə mübadiləsini  bir zərurət kimi qarşıya qoyur. Ölkəmizin hər dövrün tələblərinə uyğun olaraq həyata keçirdiyi islahatlar prosesi dayanıqlı inkişafımızı şərtləndirən əsas amildir. Azərbaycan çağırışları ilə biri-birinə əks olan qütbləri belə bir araya gətirir. Ölkəmizin birləşdirici, sabitləşdirici aktor kimi rolu dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında  önə çəkildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirdi ki, XIII Qlobal Bakı Forumunda burada - Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə,  bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün  təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik.