YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional təhlükəsizlik

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər, qlobal siyasi və iqtisadi transformasiyalar regional təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Dünyanın müxtəlif bölgələrində münaqişələrin davam etməsi, geosiyasi gərginliyin artması və yeni çağırışların meydana çıxması ölkələrin təhlükəsizlik strategiyalarına xüsusi diqqət yetirməsini zəruri edir. Bu baxımdan Prezident İlham Əliyevin martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda etdiyi çıxış qlobal və regional təhlükəsizlik məsələlərinə dair mühüm mesajlarla yadda qaldı.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən forum müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu nüfuzlu tədbir hər il dünyanın müxtəlif ölkələrindən siyasi liderləri, sabiq dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini və tanınmış ekspertləri bir araya gətirərək qlobal gündəmdə olan məsələlərin müzakirəsinə şərait yaradır. Forumun təşkilində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu xüsusilə qeyd olunmalıdır.

Prezident İlham Əliyev forumdakı çıxışında vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Azərbaycanın yerləşdiyi region tarixən mürəkkəb geosiyasi proseslərin təsirinə məruz qalıb və müxtəlif təhlükəsizlik çağırışları ilə üzləşib. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən sabitlik, təhlükəsizlik və əməkdaşlıq prinsipini öz dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Son illər Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Ölkəmiz regional əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsində fəal rol oynayır, nəqliyyat və enerji layihələri vasitəsilə region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri təkcə iqtisadi inkişaf üçün deyil, eyni zamanda regional təhlükəsizliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır.

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət kursu da regional təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Müxtəlif siyasi və iqtisadi bloklar arasında körpü rolunu oynayan Azərbaycan həm Şərq, həm də Qərb ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurub. Bu siyasət ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Eyni zamanda Azərbaycan postmünaqişə dövründə regionda davamlı sülhün təmin olunması üçün fəal diplomatik səylər göstərir. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, Cənubi Qafqaz regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməlidir. Bu baxımdan regional təhlükəsizliyin təmin edilməsi yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə regionun inkişafı üçün həlledici əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, eyni zamanda regionda sabitliyin qorunmasına mühüm töhfələr verən ölkə kimi çıxış edir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasət regional sabitliyə xidmət edən vacib amillərdir.

XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan qlobal dialoq və əməkdaşlıq platformalarının təşviqində mühüm rol oynayan ölkələrdən biridir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan mesajlar isə bir daha təsdiq edir ki, regional təhlükəsizlik Azərbaycan dövlətinin siyasətində bundan sonra da prioritet istiqamət olaraq qalacaq.

Beləliklə, Azərbaycanın həyata keçirdiyi uzaqgörən siyasət regionda sabitliyin möhkəmləndirilməsinə, qarşılıqlı etimadın artırılmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Bu yanaşma isə ölkəmizin beynəlxalq nüfuzunun artmasına və regional təhlükəsizlik sistemində mühüm aktora çevrilməsinə şərait yaradır.