Xəbərlər
Beynəlxalq dialoqa böyük töhfə
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi tanınması və nüfuz qazanması özündə bütün məqamları ehtiva edir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-14 tarixlərində keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda səsləndirilən çağırışlar, qarşıya qoyulan hədəflər bu gün ölkə mətbuatında geniş şərh edilir. Forumun açılışındakı çıxışında dövlət başçısı İlham Əliyev “Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir” söyləyərək onu da qeyd etdi ki, təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələdir. İşğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik: “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur”. O da qeyd edildi ki, biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Hətta Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.
Cənab İlham Əliyev çıxışında bu məqamı da xüsusi vurğuladı ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.
Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynadı. Müxtəlif regionlardan iştirakçıların qatılması forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu artırır.
