Xəbərlər
Milli Məclisin iclasında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi qəbul olunub
Milli Məclisin bu gün keçirilən iclasında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirə olunub. Layihə haqqında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsü vətəndaşlardan parlamentə çoxlu sayda daxil olan müraciətlərdən, ictimaiyyəti narahat edən məsələlərdən və ölkə vətəndaşlarının bu məsələyə kəskin şəkildə öz mövqeyini bildirməsindən qaynaqlanıb. Milli Məclis ictimaiyyətin bu fikirlərinə laqeyd qalmadan bilavasitə qanunlarda insanların hüquqlarının qorunmasını tətbiq etməlidir. O, layihənin maddələri haqqında geniş məlumat verib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlara, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə müvafiq dəyişikliklər qəbul edilib.