Xəbərlər
Azərbaycan qadınlarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna rolu var
Asif Əsgərov
Milli Məclisin deputatı
8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdəki rolunun, onların hüquq və azadlıqlarının, tarixi xidmətlərinin və müasir nailiyyətlərinin dəyərləndirildiyi əlamətdar gündür. Bu tarix Azərbaycan qadınlarının əsrlər boyu formalaşmış zəngin mənəvi irsini, dövlətçilik ənənələrinə sədaqətini və ictimai-siyasi proseslərdə fəal iştirakını bir daha ön plana çıxarır.
Xanımlar tarixən ailənin dayağı olmaqla yanaşı, xalqın taleyüklü məqamlarında iradə, müdriklik və vətənpərvərlik nümunəsi göstərmişdir. Bütün dövrlərdə Azərbaycan qadınları Vətənin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri sərgiləmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud dastanında qadınların igidliyi, sədaqəti və müdrikliyi xüsusi vurğulanır. Bu dastanda qadın obrazı yalnız ailə dəyərlərinin qoruyucusu deyil, həm də savaş meydanında şücaət göstərən, taleyüklü qərarlarda iştirak edən şəxsiyyət kimi təqdim olunur. Tarixi mənbələrdə adı çəkilən Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər və Tutu Bikə kimi lider qadınlar dövlətçilik, diplomatiya və qəhrəmanlıq ənənələrinin formalaşmasında mühüm rol oynamışlar. Onların fəaliyyəti qadının ictimai-siyasi müstəvidə söz sahibi olduğunu sübut edən tarixi faktlardır.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür. Bu hüquq bir çox Avropa dövlətlərindən əvvəl təqdim olunmuş və qadınların ictimai-siyasi proseslərdə iştirakına geniş imkanlar açmışdır. Qadınların maariflənmə prosesində fəal iştirakı və dövlət quruculuğunda yer alması həmin dövr üçün mütərəqqi addım idi. Bu tarixi qərar Azərbaycan qadınlarının hüquqi statusunun yüksəldilməsində mühüm mərhələ olmuşdur. Sürətlə maariflənən qadınlarımız yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalaraq ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqəti və ağbirçək analarımızın müdrikliyi müasir xanımların mənəvi əsasını təşkil edir. Elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan uğurlar qadınlarımızın zəngin intellektual potensialını nümayiş etdirir.
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə dövlət gender siyasətinin əsasını qoymuşdur. Ulu Öndər qadınların ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirakına hərtərəfli şərait yaratmış, onların rəhbər vəzifələrdə təmsil olunmasını dəstəkləmişdir.
1995-ci ildə Pekində keçirilmiş IV Ümumdünya Qadın Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşulmaq qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq öhdəliklərin icrasına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin Ümummilli Liderin 6 mart 2000-ci il tarixli “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı qadınların rəhbərlik səviyyəsində təmsilçiliyinin artırılmasına yönəlmiş mühüm addımlar idi.
Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadının bərabər hüquq və azadlıqlara malik olduğunu təsbit edir. İrqindən, dinindən, dilindən, sosial mənşəyindən və digər amillərdən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyi təmin olunur. Dövlət gender siyasəti Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Gender siyasətinin həyata keçirilməsi, qadınların iqtisadi imkanlarının genişləndirilməsi, sahibkarlığın təşviqi və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılır. 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması gender siyasətinin institusional əsaslarını daha da möhkəmləndirdi. 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar gender bərabərliyinin təmin olunması istiqamətində mühüm hüquqi mexanizmləri daha da təkmilləşdirdi. “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların ictimai fəallığının artırılması, rəqəmsal savadlılığın gücləndirilməsi, əmək bazarında gender fərqlərinin aradan qaldırılması və sosial həssas qrupların dəstəklənməsi kimi prioritetləri əhatə edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu humanitar və mədəni layihələrlə Azərbaycan qadınlarının nüfuzunu beynəlxalq miqyasda yüksəldir. Fondun həyata keçirdiyi sosial, təhsil və mədəniyyət layihələri gender siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.
Ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir. 2026-cı il yanvarın 1-nə işçi qüvvəsində qadınların payı 48,4 faiz, məşğul əhalidə isə 48,1 faiz olmuşdur. Fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi 23,7 faizə çatmışdır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 39 faizdən çoxdur. Milli Məclisdə qadın deputatların sayı I çağırışda 15 nəfər olduğu halda, VII çağırışda 26 nəfərə yüksəlmişdir.
Azərbaycan qadınları tarixən milli-mənəvi dəyərlərin qoruyucusu, dövlətçilik ənənələrinin daşıyıcısı və ictimai tərəqqinin aparıcı qüvvəsi olmuşdur. Bu gün də xanımlar elm, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və idarəetmə sahələrində fəal iştirak edir, cəmiyyətin sosial-iqtisadi inkişafına mühüm töhfələr verirlər. 8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların cəmiyyətdəki rolunun təntənəsi olmaqla yanaşı, gender bərabərliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərin davamlı və sistemli xarakter daşıdığını nümayiş etdirir.
