YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadınları milli maraqların qorunmasına mühüm töhfələr verirlər

Nurlan Həsənov

Milli Məclisin deputatı

8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətində qadınların tarixən formalaşmış zəngin irsinin və ölkəmizin inkişafına verdiyi töhfələrin yüksək dəyərləndirildiyi əlamətdar gündür. Xanımların keçdiyi zəngin və şərəfli yol, qazandıqları nailiyyətlər və qarşıya qoyduqları yeni hədəflər bu tarixi daha da mənalı və qürurverici edir.

Azərbaycan qadınları tarixin bütün mərhələlərində milli kimliyin, dövlətçilik ənənələrinin və mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Qədim dastanımız Kitabi-Dədə Qorqudda qadın obrazı cəsarət, sədaqət və müdriklik rəmzi kimi təqdim olunur. Tarixi mənbələrdə adı çəkilən Möminə Xatun, Sara Xatun, Tomris kimi şəxsiyyətlər siyasi uzaqgörənlikləri və qətiyyətləri ilə seçilmişlər. Ədəbi qəhrəmanlar Nüşabə, Nigar və Həcər obrazları qadınların liderlik ənənələrinin bədii ifadəsidir. Bu nümunələr xanımların yalnız ailə mühitində deyil, dövlət və cəmiyyət həyatında da mühüm mövqeyə malik olduğunu təsdiqləyir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək Şərqdə bir ilkə imza atmışdır. Həmin tarixi qərar bir çox inkişaf etmiş ölkələrdən əvvəl qəbul edilmiş və qadınların ictimai-siyasi proseslərə inteqrasiyasında mühüm mərhələ olmuşdur. Qadınların parlament və digər ictimai institutlarda təmsil olunması milli dövlətçilik tariximizdə demokratik dəyərlərin möhkəmləndirilməsinə xidmət etmişdir. Bu fakt Azərbaycan qadınlarının siyasi mədəniyyətinin və ictimai fəallığının yüksək səviyyədə olduğunu göstərir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası kişi və qadının eyni hüquq və azadlıqlara malik olduğunu təsbit edir və bu prinsip dövlət siyasətinin əsas dayaqlarından biridir. Azərbaycan 1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platformasına qoşularaq gender bərabərliyi sahəsində beynəlxalq öhdəliklər götürmüşdür. Bu addımlar ölkəmizdə qadın hüquqlarının beynəlxalq standartlara uyğun şəkildə təmin edilməsinə xidmət etmişdir.

Ümummilli Lider tərəfindən gender siyasətinin əsası qoyulmuş, 14 yanvar 1998-ci il tarixində Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu addım gender məsələlərinin sistemli şəkildə həllinə, onların hüquqlarının müdafiəsinin dövlət səviyyəsində koordinasiyasına imkan yaratmışdır. Ulu Öndər qadınların idarəetmə strukturlarında irəli çəkilməsini və cəmiyyət həyatında daha fəal iştirakını daim dəstəkləmişdir.

Ümummilli Liderin təməlini qoyduğu gender siyasəti Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilmişdir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006-cı il) və “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) qanunların qəbulu hüquqi mexanizmlərin gücləndirilməsinə və cəmiyyətdə yeni düşüncə tərzinin formalaşmasına mühüm təsir göstərmişdir. Bu sənədlər qadınların hüquqlarının qorunması sahəsində sistemli və davamlı fəaliyyətin təminatına çevrilmişdir.

Prezident İlham Əliyevin 2025-ci il 29 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” qadınların məşğulluq imkanlarının genişləndirilməsi, təhsil və rəqəmsal savadlılığın artırılması, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində konkret tədbirləri əhatə edir. Plan gender bərabərliyi mədəniyyətinin təşviqini və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini də nəzərdə tutur. Bu amillər isə qadınların cəmiyyətin bütün sahələrində daha fəal və effektiv iştirakına şərait yaradır.

Bu gün Azərbaycan qadınları parlamentdə, bələdiyyələrdə, məhkəmə və hüquq-mühafizə orqanlarında, sahibkarlıq və dövlət idarəçiliyində fəal təmsil olunurlar. Ordu quruculuğunda, elm və təhsildə, səhiyyə və mədəniyyətdə qadınların rolu ildən-ilə genişlənir və onların fəaliyyəti cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanin rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir. Humanitar təşəbbüslər, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıq layihələri qadınların mərhəmət, humanizm və yüksək təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirir.

Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar işçi qüvvəsində və sahibkarlıq sahəsində artan paya malikdirlər. Yerli özünüidarəetmə orqanlarında və dövlət qulluğunda qadınların təmsilçiliyinin yüksəlməsi onların qərarvermə proseslərində iştirakını gücləndirir. Bu statistik göstəricilər gender siyasətinin real nəticələrini və qadınların cəmiyyət həyatında artan rolunu əks etdirir.

Qadınlar tarixdən gələn müdriklik və ləyaqət ənənələrini qoruyaraq müasir inkişaf modelinin fəal iştirakçısına çevrilmişdir. Xanımların siyasi, iqtisadi və mədəni həyatda artan rolu ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınlarının keçdiyi şərəfli yolun, qazandığı uğurların və gələcək hədəflərə doğru inamlı addımların təntənəsi kimi xüsusi dəyər daşıyır.