Xəbərlər
Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə üçün əhəmiyyətlidir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq. Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
İllər keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatıldı. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak etdilər.
Azərbaycanın hər bir hədəfə çatması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirdi. Dövlət başçısı İlham Əliyev çıxışında “İlk növbədə, bütün qonaqlarımızı salamlayıram. Cənab komissarı xüsusi salamlamaq istəyirəm, çünki o, indi gəlib və istirahətə ehtiyacı var. Ancaq buna baxmayaraq, o, bizimlə birlikdədir. Biz onun Brüsseldə iş qrafikinin sıx olmasına baxmayaraq, bu gün bu vacib tədbirdə iştirak etməsini yüksək qiymətləndiririk. Sizin iştirakınız Azərbaycanla Avropa təsisatları arasında yalnız enerji sahəsi ilə məhdudlaşmayan güclü tərəfdaşlığı bir daha nümayiş etdirir” söyləməklə bir daha Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafını təsdiqlədi.
Cənab İlham Əliyev onu da bildirdi ki, sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən 12 ölkəyə qaz tədarük etdiyimizi bildirmişdik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Qaz təchizatının coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir. Ötən toplantıda da cənab İlham Əliyev bununla bağlı planları açıqlamışdı. Dövlət başçısı “Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır” söylədi və onu da əlavə etdi ki, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır.
Gündəmə gətirilən və uğurlu sonluqla başa çatan enerji layihələri ölkəmizin iqtisadi imkanlarını genişləndirməklə həm maliyyə imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 22 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi yeni-yeni hədəflərə yol açır.
