Xəbərlər
Masallıda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirlər keçirib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Nigar Kərimova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədr müavini Dilarə Hüseynova, şəhər 1 saylı məktəb ərtazi partiya təşkilatının sədri, şəhid anası Mehriban Sultanova, şəhid anası Leyla Əliyeva, partiya fəalı Lətafət Əlirzayeva və başqaları bildiriblər ki, Azərbaycanda qadınların hüquqlarının qorunması və ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. 1969-cu ildən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dövlət strukturlarına və məsuliyyətli ictimai işlərə qadınların irəli çəkilməsi məsələsini daim ön planda tutmuşdur. 1993-cü ildən sonra da ölkəmizdə qadınların aktiv fəaliyyəti böyük önəm daşımış, Azərbaycan qadınına ən yüksək qiymət verilmişdir.
Dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı. Ulu Öndərin siyasətinin nəticəsində Azərbaycan qadınının siyasi, sosial, iqtisadi və mədəni həyatda rolunun artması təmin olunub. Həmçinin, dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilmiş və qadınların ictimai-siyasi həyata cəlb olunması təmin olunmuşdur.
Bu gün isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender bərabərliyini təmin edən dövlət siyasəti formalaşıb. Bu siyasət Azərbaycan qadınının beynəlxalq aləmdə layiqli yerini qoruyur və onu tərəqqiyə aparır.
