Xəbərlər
Xocalı Soyqırımı Memorialı: xalqın əyilməz ruhu
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 25-də Xocalı və Xocavənd rayonlarına səfər etdilər. Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak edən cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Prezident İlham Əliyev görüşdəki çıxışında “Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin” söyləyərək vurğuladı ki, bunu biz etdik – Azərbaycan dövləti. Əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik: “İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu”.
Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirmişdir ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir və bu, bizim üçün əsas məsələdir. 2003-cü ildən 2020-ci ilədək dövr qələbəyə hazırlıq mərhələsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev sözügedən çıxışında diqqəti hazırlıq dövrünə yönəldərək bildirdi ki, bu dövr çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı, Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər, bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılı olmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq. Həm Ordumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə edilən gəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər ay biz Qələbəyə doğru addımlayırdıq: “Mən bunu işğal dövründə dəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik və yaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi”.
Memorial Kompleksin məhz Xocalıda açılışının ədalətin təntənəsi olduğunu, bu Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu gördüyümüzü önə çəkən dövlətimizin başçısı vurğuladı ki, bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi- ədalətə inam, dövlətə inam, Ordumuza inam. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü, özünü müdafiə etməyə qadir olan dövlətdir.
