YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Yevlaxda da anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Xocalı faciəsi-Azərbaycan xalqının sarsılmaz iradəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Qarabağ  Suvarma Kanalı İstismarı İdarəsinin rəisi Ariz Mikayılov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Şahnaz Hümbətli və Xocalı sakini, Yevlax şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi İlayə Hüseynova çıxış ediblər.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı danışılıb.

Qeyd olunub ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib.

Xocalı şəhərinin işğaldan azad ediləndən sonra yenidən bərpa olunaraq dirçəldiyi xüsusi vurğulanıb.

Daha sonra rayonun ümumtəhsil məktəbləri arasında keçirilən rəsm müsabiqəsində qalib gələn şagirdlərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Yevlax şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin təqdimatında Xocalı soyqırımına aid bədii kompozisiya nümayiş etdirilib.