Xəbərlər
“Xocalı soyqırımı əsrin faciəsidir”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı soyqırımı əsrin faciəsidir” adlı dəyirmi masa keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayon Ağsaqqallar Şurasının sədri Fidayıl Əliyev, Samux RİH başçısı Aparatının ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qurban Həsənov, Samux şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Səlminə Məmmədova çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu və bu faciənin Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğu bildirilib. Qeyd edilib ki, 1992-ci ilin 26 fevralında dinc əhaliyə qarşı həyata keçirilən kütləvi qırğın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, bütövlükdə bəşəri dəyərlərə qarşı yönəlmiş vəhşilik idi. Vurğulanıb ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir və bu istiqamətdə mühüm nəticələr əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması şəhidlərimizin ruhuna ən böyük ehtiramın ifadəsidir. Bu gün işğaldan azad olunmuş Xocalıda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, infrastruktur layihələri və Böyük Qayıdış proqramının icrası tarixi ədalətin bərpasının bariz nümunəsidir.
