Xəbərlər
Xocalı soyqırımı bəşər tarixinin ən qanlı cinayətlərindən biridir
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi, Qarabağ Regional Mədəniyyət İdarəsi, rayon Heydər Əliyev Mərkəzi və Tərtər rayon Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, fəal gənc Sərxan Tərtərli, Tərtər Peşə məktəbinin müəllimləri Könül Babayeva və Aynur Əliyeva çıxış edərək fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla Xocalı soyqırımının törədildiyini, bir gecədə 613 nəfərin qətlə yetirildiyini bildiriblər. Qeyd olunub ki, Xocalı faciəsi bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunub və xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Qeyd edək ki, Xocalı soyqırımının ildönümü ərəfəsində Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalını unutma” adlı inşa yazı müsabiqəsi, eyni zamanda şahmat üzrə rayon turniri də keçirilib.
