Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.
Qeyd edildi ki, 20 meqavat gücə malik stansiyada işlər Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Stansiyada 78 min 684 ədəd ən müasir “şüşə-şüşə” tipli günəş panelləri, onlar üçün dayaqlar və 11 elektrik yarımstansiyası quraşdırılıb. Panellərlə transformator yarımstansiyaları, transformator yarımstansiyaları ilə birləşdirici məntəqə arasında kabel və yüksək gərginlikli elektrik ötürücü, həmçinin yaxınlıqdakı “Xal-xal” yarımstansiyasına qədər 35 kilovoltluq kabel xətləri çəkilib. Tikinti-quraşdırma işlərinin vaxtında başa çatdırılması üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub. Stansiyanın 5 ayrı-ayrı ərazilərdə yerləşən qurğuları hasara alınıb, burada siqnalizasiya və videomüşahidə qurğuları quraşdırılıb. Naxçıvan Günəş Elektrik Stansiyasında il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunacaq.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndələri ilə görüşdü.
Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basdı.
Qeyd edək ki, bu iri layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.
Dövlətimizin başçısı muxtar respublikanın energetika kompleksinin daha da inkişafı, eləcə də, bərpa olunan və alternativ enerji mənbələrindən geniş istifadə ilə əlaqədar tapşırıqlarını verdi.