Xəbərlər
Azərbaycanın sülh gündəliyi və qlobal təşəbbüslərdə rolu
Müasir beynəlxalq münasibətlər sistemində güc balansı dəyişir, yeni təhlükəsizlik arxitekturası formalaşır və qlobal çağırışlar dövlətləri daha məsuliyyətli mövqe sərgiləməyə vadar edir. Belə bir şəraitdə Azərbaycan ardıcıl, prinsipial siyasəti ilə sülh və sabitlik gündəliyini ön plana çıxaran dövlət kimi seçilir. Rəsmi Bakının xarici siyasət kursu regional əməkdaşlığın genişləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması, həmçinin siyasi dialoqun təşviqi üzərində qurulub. Bütün bunların nəticəsi kimi Azərbaycan dialoq mərkəzinə çevrilib. Müxtəlif beynəlxalq platformalarda qarşıdurma ritorikasından fərqli olaraq məhz burada konsensus mühiti formalaşır.
Bu fikri siyasi şərhçi Emin Bağırov söyləyib.
O, bu baxımdan ABŞ Prezidenti tərəfindən Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması təşəbbüsünü qlobal təhlükəsizlik arxitekturasının yenilənməsi istiqamətində atılan siyasi addım kimi qiymətləndirib. Bildirib ki, Azərbaycanın bu quruma təsisçi üzv dövlət kimi dəvət olunması təsadüfi deyil. Bu, ölkəmizin artan geosiyasi çəkisinin, regional liderlik ambisiyasının və etibarlı tərəfdaş imicinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir.
Emin Bağırov qeyd edib ki, Azərbaycanın dəvətə operativ və müsbət reaksiya verməsi onun xarici siyasət fəlsəfəsinə tam uyğundur. Çünki rəsmi Bakı üçün sülh konkret diplomatik fəaliyyət xəttidir. Postmünaqişə mərhələsində regionda kommunikasiyaların açılması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər bunu bir daha sübut edir. Yeni beynəlxalq platformada təsisçi statusu Azərbaycanın qlobal qərar qəbuletmə mexanizmlərində daha fəal rol almasına imkan verə bilər. Bu isə həm regionun, həm də daha geniş coğrafiyanın təhlükəsizlik və sabitlik gündəliyinə təsir göstərmək baxımından strateji əhəmiyyət daşıyır.
“Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycan üçün böyük qürurdur. Dövlətimizin başçısı növbəti dəfə nümayiş etdirdi ki, ölkəmizin siyasi kursu konstruktiv əməkdaşlığa əsaslanır. Qlobal miqyasda sülh təşəbbüslərinə qoşulmaq və yeni beynəlxalq platformaların formalaşmasında fəal iştirak etmək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun məntiqi davamıdır. Azərbaycan liderinin Donald Trampın dəvəti ilə keçirilən iclasda iştirakı məhz bu yanaşmanın bariz nümunəsidir. Bu addım ölkəmizin qlobal siyasi dialoqa açıq olduğunu, çoxtərəfli əməkdaşlığa üstünlük verdiyini və beynəlxalq təhlükəsizlik, sabitlik və iqtisadi tərəfdaşlıq məsələlərində fəal mövqe sərgilədiyini bir daha təsdiqləyir”, - deyə siyasi şərhçi vurğulayıb.
