Xəbərlər
Siyasi etimad üzərində qurulan Azərbaycan-Serbiya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır
“Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bu isə o deməkdir ki, iki ölkə arasında gələcək üçün də planlar mövcuddur. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da iki ölkə arasında ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək və s. məsələlər Prezident İlham Əliyevin Serbiya Respublikasına səfəri zamanı görüşdə gündəm mövzulardan biri olub”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, inkişaf yolunu tutmaq hər iki ölkə üçün vacib nüansdır. Hazırda Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılır. Bu baxımdan Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Bu bir həqiqətdir ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edən şərtlərdən biridir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Azərbaycan isə həmişə dost dövlətlərə öz dost əlini uzatmağa hazırdır. Ona görə daxili enerji, istehsalat gücünün artırılması enerji təhlükəsizliyinin təmin edilməsi və bu layihələrin həyata keçirilməsində iki ölkə dostluğu mühüm rol oynayacaq. Çünki bütövlükdə energetika sahəsində Azərbycanın əlaqələri indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Serbiyaya təbii qazın ixracı başlayıb və ixracın həcminin artırılması da gündəmdədir. Azərbaycanın buna yetəri qədər potensialı var. Çünki bizim əsas ixrac istiqamətimiz yalnız bir ölkə yox, Avropa məkanıdır”.
