Xəbərlər
Bərdədə gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya rayon məktəblilərinin fənn olimpiadalarında dünya və respublika səviyyəsində medal qazanmış şagirdlərini və onların təhsil aldıqları məktəblərin direktorlarını qəbul edib. O, gəncləri qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji xəttin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun qüdrətli dövlətlərdən birinə çevrilib. Qeyd edilib ki, gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlar onların gələcəyinin parlaq olacağının göstəricisidir.
Görüşdə fizika fənni üzrə respublika fənn olimpiadasının qızıl medalçısı, Soçidə keçirilən dünya çempionatının bürünc medalçısı, akademik Zərifə Əliyeva adına məktəb-liseyin X sinif şagirdi Hidayət Quliyev, ingilis dili üzrə “KINGS” Olimpiadasının qızıl medalçısı, şəhər 2 saylı beynəlmiləl tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi Kamilə Camallı, SAF Beynəlxalq Festivalının STEAM istiqaməti üzrə gümüş medalçısı, həmin məktəbin IX sinif şagirdi Sadiq Məhərrəmli qazandıqları uğurların sevincini bölüşüblər.
Məktəb direktorları Teymur Mustafayev və Nərgiz Əhmədova təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya medalçı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara təşkilat adından hədiyyələr təqdim edib.
