Xəbərlər
“Heydər Əliyev irsi və Azərbaycan memarlığı”
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Qəbələ rayonunun “Zarağan 2” qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Heydər Əliyev irsi və Azərbaycan memarlığı” mövzusunda tədbir təşkil edilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Prezidentin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən danşıb.
O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülüb, şəhərlərin siması dəyişib, yeni mikrorayonlar salınıb. Tarixi və memarlıq abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Qeyd edilib ki, bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Bu gün Bakı dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır.
Məktəbin direktoru Kamil İsmayılov çıxış edərək Azərbaycan memarlığının inkişafı, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda tətbiq olunan müasir şəhərsalma üslubu haqqında məlumat verib, artıq bu ərazilərə köç prosesinin başladığını və bölgənin müasir şəhər modeli əsasında inkişaf etdirildiyini vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvünə fəxri fərman təqdim edilib.
