YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya əlaqələri: siyasi və iqtisadi prioritetlər

Abbas Əliyev

Abşeron rayon təşkilatının sədri

Azərbaycan ilə Serbiya arasında formalaşmış münasibətlər son dövrlər yeni məzmun və daha geniş istiqamətlər üzrə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya etdiyi rəsmi səfər bu əlaqələrin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibli görüşlərində aparılan müzakirələr, imzalanan sənədlər və Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclasında səsləndirilən mövqelər iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq qarşıdakı illər üçün konkret və məqsədyönlü fəaliyyət planları mövcuddur. Bu planlar siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsini əhatə edir.

Energetika sahəsi Azərbaycan–Serbiya əməkdaşlığının aparıcı istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Serbiyaya təbii qaz ixracına başlamış və tərəflər ixrac həcminin artırılması barədə razılıq əldə etmişlər. Eyni zamanda, birgə elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr bu sahədə əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Serbiya Prezidenti Aleksandar Vuçiçin vurğuladığı kimi, ölkədə mövcud olan əlverişli investisiya mühiti xarici sərmayələrin cəlb edilməsinə geniş imkanlar yaradır. Aparılan islahatlar nəticəsində Serbiya regional miqyasda etibarlı tərəfdaş kimi çıxış edir və Azərbaycan bu ölkəyə investisiya qoymağa hazır olan dövlətlər sırasındadır.

Enerji istehsal güclərinin yaradılması və mövcud stansiyaların yenidən qurulması hər bir ölkənin enerji təhlükəsizliyinin əsas şərtlərindəndir. Xüsusilə təbii resursları məhdud olan dövlətlər üçün daxili enerji potensialının formalaşdırılması strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu layihələrin reallaşmasında siyasi iradə və qarşılıqlı etimad həlledici rol oynayır.

Bu gün Azərbaycan enerji sahəsində böyük ixrac potensialına malikdir. Ölkəmiz bərpaolunan enerji layihələrinin icrasını sürətləndirir və yaxın illərdə əlavə enerji güclərinin əldə olunması planlaşdırılır. Bu imkanlar həm Serbiya ilə əməkdaşlıq üçün yeni perspektivlər açır, həm də Avropa məkanına enerji ixracının genişləndirilməsinə şərait yaradır. Azərbaycanın həyata keçirdiyi balanslı və uzaqgörən enerji siyasəti onu beynəlxalq enerji təhlükəsizliyinin əsas iştirakçılarından birinə çevirib.

Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlarda vurğulandığı kimi, qarşılıqlı səfərlərin davam etdirilməsi və siyasi dialoqun daha da intensivləşdirilməsi Azərbaycan–Serbiya münasibətlərinin gələcək inkişafına mühüm töhfə verəcək. Bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regional sabitlik və tərəqqiyə də öz töhfəsini verir.