YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu fikirlər Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə,  Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında da xüsusi vurğulandı. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu amil  iki ölkə Prezidentinin siyasi iradəsindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir.  Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ildə qurulub. Əlaqələr qarşılıqlı səfərlər və müxtəlf sahələri əhatə edən sənədlərin imzalanması fonunda uğurla inkişaf edir.

İki ölkə arasında enerji sahəsindəki əməkdaşlıqda yeni imkanlar açılıb. Səfər zamanı aparılan müzakirələrdə birgə inşa ediləcək elektrik stansiyasından bəhs edildi. Prezident İlham Əliyev vurğuladı ki, bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir.

Bütövlükdə energetika sahəsində əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına başlamışıq. Qərara gəlindi ki, ixracın həcmi artırılsın. İndi Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki  indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Azərbaycan  2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcək və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Cənab İlham Əliyev bu əminliyi də  ifadə etdi ki, rəsmi səfərinin nəticələri özünü çox gözlətməyəcək: “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”

Atılan addımlar bir daha bu qənaətə əsas verir ki, birgə səylər əsasında Azərbaycan-Serbiya əlaqələri bundan sonra da yüksələn xətlə  inkişaf edəcək.