YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan - Serbiya: strateji tərəfdaşlığın yeni mərhələsi

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfərin həm siyasi-diplomatik kontekstdə, həm də imzalanmış sənədlər və verilmiş bəyanatlar fonunda strateji əhəmiyyəti xüsusi diqqət çəkir.

Belqraddakı rəsmi qarşılanma mərasimi Azərbaycan-Serbiya münasibətlərinin səviyyəsini açıq şəkildə ortaya qoydu. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Serbiya Prezidenti Aleksandar Vuçiçin Hava limanında şəxsən qarşılaması və səmada qırıcıların müşayiəti iki ölkə arasındakı münasibətlərin sadəcə diplomatik deyil, eyni zamanda səmimi dostluq və xüsusi tərəfdaşlıq xarakteri daşıdığını göstərən simvolik, lakin böyük əhəmiyyətli ismarıcdır. Bu işarələr həm də münasibətlərin real məzmununun – səmimi tərəfdaşlıq və strateji yaxınlaşmanın ifadəsidir.

Səfərin yekununa həsr olunmuş Prezidentlərin mətbuata bəyanatları iki ölkə arasında siyasi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu bir daha təsdiqlədi. Azərbaycan və Serbiya beynəlxalq hüququn fundamental prinsiplərinə – dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipinə əsaslanan mövqe nümayiş etdirirlər. Bu amil münasibətlərin siyasi sütununu təşkil edir. Hər iki ölkə müxtəlif beynəlxalq platformalarda bir-birinin haqlı mövqeyini dəstəkləyir və bu dəstək qarşılıqlı etimadı daha da gücləndirir.

Azərbaycan-Serbiya münasibətlərinin yüksək templə inkişafında enerji sektoru mühüm rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Serbiya ilə əməkdaşlıq perspektivlərini daha da genişləndirir.

İmzalanmış sənədlər iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsini, investisiya layihələrinin təşviqini, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu sənədlər münasibətlərin təkcə siyasi deyil, həm də real iqtisadi məzmunla zənginləşdiyini göstərir.

Azərbaycan-Serbiya əlaqələri bu gün artıq klassik diplomatik münasibətlər çərçivəsini aşaraq strateji tərəfdaşlıq modelinə çevrilib. Dövlət başçılarının qarşılıqlı səfərləri, davamlı siyasi dialoq və konkret layihələrə əsaslanan əməkdaşlıq münasibətlərin sistemli xarakter aldığını sübut edir.

Bu səfər bir daha göstərdi ki, Bakı ilə Belqrad arasında münasibətlər şəxsi liderlik diplomatiyası, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanır.

Nəticə etibarı ilə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan-Serbiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini, siyasi etimadın ən yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu siyasi hadisə Azərbaycan-Serbiya münasibətlərinin gələcəkdə daha geniş coğrafiyada və daha dərin məzmunla inkişaf edəcəyinə dair aydın siyasi iradənin ifadəsi kimi tarixə düşdü.