Xəbərlər
Tərəfdaşlıq nümunəsi
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Əziz dostum Aleksandar Vuçiçin Serbiyanın Prezidenti kimi dövlətçiliyi, dövlət maraqlarını hər şeydən üstün tutur. Məhz buna görə Aleksandar Vuçiçinin rəhbərliyi ilə Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsində bu gün Serbiya - təbii sərvətləri olmayan bir ölkə iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Burada mən Prezident Aleksandar Vuçiçinin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim: “Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Biz, əlbəttə ki, Serbiyanın dostları kimi bunu yüksək qiymətləndiririk və buna görə sevinirik”.
Hər iki ölkə siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə konkret planlara malikdirlər. Bu əməkdaşlıq beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi, ərazi bütövlüyü və suverenlik məsələlərində ortaq mövqeyin qorunması, birgə investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat sahələrində yeni imkanların reallaşdırılmasını özündə ehtiva edir. Prezident İlham Əliyev ölkəmizin Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bildirdi. Bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Cənab İlham Əliyev bildirdi ki, Prezident Aleksandar Vuçiç birgə inşa ediləcək elektrik stansiyasının gələcək inkişafından bəhs etdi. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində Prezident Aleksandar Vuçiçinin rolunu xüsusi qeyd etmək istərdim.
Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin Serbiya Prezidentini və nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etməsi ikitərəfli əlaqələrimizin davamlı xarakter daşıdığını təsdiqləyir. Azərbaycan-Serbiya əlaqələri beynəlxalq münasibətlər sistemində qarşılıqlı faydalı tərəfdaşlıq nümunəsi kimi diqqətdədir.
