Xəbərlər
Qlobal geosiyasi şəraitdə Azərbaycan-Serbiya əməkdaşlığının artan rolu
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Müasir beynəlxalq münasibətlər sistemində qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, iqtisadi və enerji təhlükəsizliyinin dövlətlərin xarici siyasət prioritetlərində xüsusi yer tutduğu bir şəraitdə qarşılıqlı etimada və strateji baxışa əsaslanan ikitərəfli münasibətlər, möhkəm siyasi dialoq, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və enerji sahəsində qarşılıqlı asılılığın güclənməsi regional sabitliyin və davamlı inkişafın əsas təminatına çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə mövqelərini daha da gücləndirmiş, müxtəlif regionları əhatə edən etibarlı tərəfdaşlıq şəbəkəsinin formalaşmasına imkan yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində prinsipial, müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdərək həm Avropa, həm də Balkan regionu dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında formalaşmış və illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərdir. İki ölkə arasında əməkdaşlıq yalnız diplomatik münasibətlər çərçivəsində deyil, həm də siyasi, iqtisadi, energetika, humanitar və digər sahələri əhatə edən geniş və çoxşaxəli formatda inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına həyata keçirdiyi səfər və səfər çərçivəsində verdiyi bəyanat iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətini bir daha nümayiş etdirdi. Bu səfər təkcə diplomatik protokol xarakteri daşımır, həm də Azərbaycan-Serbiya əməkdaşlığının gələcək istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Səfər çərçivəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan-Serbiya əlaqələri təsadüfi və ya situativ xarakter daşımır, əksinə, uzun illər ərzində formalaşmış qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır. Dövlət başçısının bəyanatında səsləndirdiyi “Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var” fikirləri iki ölkə liderləri arasında formalaşmış şəxsi etimadın və siyasi dialoqun yüksək səviyyəsinin göstəricisidir. Bu münasibətlər illər ərzində möhkəmlənərək siyasi, iqtisadi, enerji, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq formatına çevrilmişdir.
Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşır. Bu ortaq mövqe iki ölkənin beynəlxalq hüquqa əsaslanan siyasət yürütməsinin bariz nümunəsidir və münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.
Dövlət başçısının “Bizim gələcək üçün də açıq-aydın planlarımız var” bəyanatı əməkdaşlığın perspektivlərinə aydın baxışın mövcud olduğunu göstərir. Azərbaycan-Serbiya münasibətləri artıq təkcə mövcud layihələrlə məhdudlaşmır, eyni zamanda yeni təşəbbüslərin və uzunmüddətli strateji layihələrin həyata keçirilməsini nəzərdə tutur. Xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Azərbaycanın Serbiyaya sərmayə yatırmaq niyyəti də bəyanatda xüsusi vurğulanmışdır. “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” fikri ölkəmizin regional və beynəlxalq iqtisadi tərəfdaşlıq strategiyasının davamlı və açıq xarakter daşıdığını nümayiş etdirir. Qarşılıqlı sərmayə qoyuluşunun artırılması, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və investisiya mühitinin daha da təkmilləşdirilməsi münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə xidmət edəcəkdir.
Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin “Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir” bəyanatı Azərbaycan-Serbiya enerji tərəfdaşlığının strateji mahiyyətini açıq şəkildə ifadə edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı təchizatçı kimi çıxış edir və enerji marşrutlarının şaxələndirilməsi istiqamətində mühüm addımlar atır. Serbiya ilə enerji əməkdaşlığının genişlənməsi həm təbii qaz təchizatı, həm də alternativ və bərpa olunan enerji sahələrində yeni imkanlar yaradır. Bu kontekstdə qurulan əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısının “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” fikri isə siyasi dialoqun davamlı xarakter daşıdığını və əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini göstərir. Müntəzəm yüksək səviyyəli görüşlər iki ölkə arasında razılaşdırılmış layihələrin icrasını sürətləndirir, yeni təşəbbüslərin formalaşmasına zəmin yaradır və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.
Azərbaycanın son illərdə rəqəmsal hökumət, “ağıllı şəhər” və yaşıl enerji sahələrində qazandığı təcrübə Serbiya üçün də maraqlı və praktik model ola bilər. Azərbaycan-Serbiya tərəfdaşlığı regional əməkdaşlıq formatlarına da yeni dinamika gətirir. Balkan ölkələri ilə Cənubi Qafqaz arasında iqtisadi və enerji bağlantılarının güclənməsi Avropanın şərq və cənub-şərq istiqamətlərində alternativ enerji və logistika marşrutlarının formalaşmasına şərait yaradar ki, bu da mövcud qlobal geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.
Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri və səfər zamanı verdiyi bəyanat Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Qarşılıqlı etimad, açıq siyasi dialoq, iqtisadi və enerji sahəsində strateji əməkdaşlıq, eləcə də liderlər arasında formalaşmış dostluq münasibətləri Azərbaycan ilə Serbiya arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldir və gələcək illərdə bu tərəfdaşlığın daha da möhkəmlənəcəyini şərtləndirir.
