Xəbərlər
“Milli Memarlıq və Şəhərsalmanın inkişafında Heydər Əliyevin rolu”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Milli Memarlıq və Şəhərsalmanın inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Ulu Öndərin milli memarlıq və şəhərsalmanın inkişafındakı rolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nərmin Fərəcli, Zəngilan Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Nizami Yusifov, Zəngilan rayon 4 nömrəli ümumtəhsil orta məktəbin direktoru Vüsalə Əliyeva və Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Könül Rüstəmova çıxış ediblər.
Natiqlər çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərsalma siyasətinin formalaşdırılması və müasir urbanizasiya proseslərinin inkişaf etdirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma siyasətində sistemli islahatlara başlanıb, şəhərlərin baş planlarının hazırlanması və yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Tarixi-memarlıq abidələrinin qorunması, milli memarlıq üslubunun inkişafı və müasir tikinti mədəniyyətinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsi olub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
