Xəbərlər
Azərbaycan-Serbiya münasibətləri qarşılıqlı hörmətə və siyasi etimada əsaslanır
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər, verilən bəyanatlar və imzalanan sənədlər Azərbaycan–Serbiya əməkdaşlığının artıq sadəcə dostluq münasibətləri çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə daxil olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan və Serbiya liderləri arasında formalaşmış şəxsi etimad və səmimi dialoq mühitidir. Dövlət başçısının qeyd etdiyi kimi, uzun illərə söykənən qarşılıqlı təmaslar iki ölkə arasında siyasi münasibətlərin möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Bu münasibətlər yalnız diplomatik protokol səviyyəsində deyil, dövlət maraqlarına hörmət və suverenliyin qorunması kimi ortaq prinsiplər üzərində inkişaf edir. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstək kimi, Serbiya da beynəlxalq platformalarda Azərbaycanın prinsipial mövqeyini daim müdafiə edən ölkələrdən biridir.
Səfər zamanı keçirilmiş Azərbaycan–Serbiya Strateji Şurasının ilk iclası münasibətlərin institusional xarakter aldığını təsdiqlədi. Liderlərin bəyan etdiyi kimi, gələcək əməkdaşlıq siyasi dialoqla məhdudlaşmayacaq, iqtisadiyyat, energetika, nəqliyyat və investisiya sahələrini əhatə edən geniş gündəm əsasında inkişaf etdiriləcək. Xüsusilə birgə sərmayə layihələrinin həyata keçirilməsi və qarşılıqlı iqtisadi inteqrasiyanın dərinləşdirilməsi iki ölkənin uzunmüddətli strateji planlarının əsas istiqamətlərindən biri kimi müəyyən olunub.
Energetika sahəsi əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və bu həcmlərin artırılması barədə əldə edilən razılaşmalar Avropanın enerji təhlükəsizliyi kontekstində xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bərpaolunan enerji layihələrinə böyük sərmayələr yatırması və 2032-ci ilə qədər əlavə enerji gücünün formalaşdırılması planları Serbiya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, yalnız iqtisadi əməkdaşlıq deyil, həm də Avropa enerji xəritəsində yeni regional sinergiyanın formalaşması deməkdir.
Prezident İlham Əliyevin Serbiyaya sərmayə qoyuluşuna hazır olduqlarını bəyan etməsi isə münasibətlərin iqtisadi məzmununun gücləndiyini göstərir. Elektrik stansiyalarının tikintisi və enerji infrastrukturu layihələri hər iki ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, regional iqtisadi sabitliyə də töhfə verəcək. Serbiyada həyata keçirilən iqtisadi islahatların xarici investorlar üçün əlverişli mühit yaratması Azərbaycanın bu ölkəyə artan marağını şərtləndirən əsas amillərdən biridir.
Bütövlükdə, səfər göstərdi ki, Azərbaycan və Serbiya münasibətləri qarşılıqlı hörmət, siyasi etimad və praqmatik əməkdaşlıq prinsiplərinə əsaslanır. Müasir beynəlxalq münasibətlər sistemində suverenlik, milli maraqlar və balanslaşdırılmış xarici siyasət xətti hər iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. Dövlət başçılarının tezliklə yenidən görüşmək barədə razılaşmaları isə əməkdaşlığın dinamik xarakter daşıdığını və əldə olunan razılaşmaların yaxın zamanda real nəticələr verəcəyini deməyə əsas verir.
Azərbaycan–Serbiya tərəfdaşlığı bu gün təkcə iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də Avrasiya məkanında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin uğurlu nümunəsi kimi çıxış edir. Bu əməkdaşlıq xalqlar arasında dostluğun möhkəmlənməsinə, regional sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən mühüm siyasi xətt kimi gələcəkdə də öz əhəmiyyətini artıracaq.
