Xəbərlər
Azərbaycan parlamentinin nümayəndə heyəti Astanada TürkPA-nın tədbirlərində iştirak edəcək
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TürkPA Assambleya Şurasının və təşkilatın növbəti 6-cı plenar iclaslarında iştirak etmək üçün dekabrın 2-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Çingiz Qənizadə, İlham Əliyev, Sədaqət Vəliyeva, Sevinc Hüseynova, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Qurumun Şura iclasında Azərbaycanın təşkilata sədrliyinin nəticələri, TürkPA Katibliyinin illik fəaliyyəti barədə hesabatlar dinləniləcək və digər təşkilati məsələlərə baxılacaq. TürkPA-nın 6-cı plenar iclasında Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş seçkilərə dair məruzələr dinləniləcək, qurumun komissiyalarının tövsiyə qərarlarına baxılacaq. İclasın sonunda Astana Bəyannaməsi imzalanacaq.
Oqtay Əsədov tədbirdə Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə, quruma üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığa dair və gündəlikdəki digər məsələlərlə əlaqədar çıxışlar edəcək.
Milli Məclis sədrinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri “Böyük Çöldə dövlətçilik və parlamentarizm” mövzusunda beynəlxalq konfransa qatılacaq, Türk Akademiyasında, Qazaxıstan Milli Muzeyində, ölkənin birinci Prezidentinin Kitabxanasında olacaqlar.