YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, partiya veteranları Əliyulla Ağalarov, Maya Pirverdiyeva, Telman Kazımov və Nəzifə Qaflanova çıxış ediblər.

Çıxışlarda partiyanın yaranma tarixi, keçdiyi şərəfli inkişaf yolundan danışılıb.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılıb və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Partiyanın fəaliyyətində milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və vətəndaş rifahının təmin olunması əsas prioritetlər kimi müəyyənləşdirilib.

Bu gün 6521 nəfər üzvü öz ətrafında birləşdirən rayon təşkilatının 33 illik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda bir qrup partiya veteranına fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.