Xəbərlər
Azərbaycan tranzit və logistika mərkəzinə çevrilib
Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri Cənubi Qafqaz regionunda geosiyasi proseslərin intensivləşdiyi bir dövrə təsadüf edir. O baxımdan, bu rəsmi səfər mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Səfər həm Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri, həm regional təhlükəsizlik məsələləri, həm də böyük güclər arasında rəqabətin fonunda Bakının artan strateji rolunun göstəricisi kimi diqqət çəkir.
ABŞ nəqliyyat və tranzit sahəsində Azərbaycan ilə əməkdaşIıq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Rəsmi Vaşinqtonun bu istəyi onun geosiyasi maraqları ilə əlaqədar olsa da tutduğu mövqeyi region dövlətlərinin maraqlarına cavab verir. Ən əsası, bu səfər Prezident İlham Əliyevin son illərdə apardığı balanslı və çoxvektorlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər.
Bu məsələ fevralın 10-da ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində iki dövlət arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz əksini tapıb.
Xartiyada “Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir” kimi bəndin salınması təsadüfi xarakter daşımır.
Onu da xüsusi vurğulayaq ki, bu dəhliz istifadəyə verildikdən sonra onun Şərqi Aralıq dənizini, Türkiyəni, Ermənistanı, Azərbaycanı, Xəzər dənizini, Qazaxıstanı, Türkmənistanı və digər ölkələri birləşdirəcək Orta Dəhlizin çox vacib bir hissəsi olacağını unutmamalıyıq. Beləliklə, bu, potensial olaraq ticarət, biznes, investisiyalar üçün Avropanı, Aralıq dənizini, Yaxın Şərqi və Mərkəzi Asiyanı birləşdirən çox vacib bir dəhlizdir və inanıram ki, bütün region üçün üstünlüklər yaradacaq
Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində atılan addımlar sırasında imzalanan xartiyanın həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizi də məhz bu aspektdən ABŞ üçün maraq kəsb edir.
Digər tərəfdən, Cey. Di. Vensin regiona səfərinin Ermənistanı da əhatə etməsi ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində aktiv rol oynamaq niyyətini göstərir. Regional kommunikasiyaların açılması, nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və təhlükəsizlik məsələləri bu kontekstdə mühüm mövzulardandır. Onun sözlərinə görə, Azərbaycan üçün kommunikasiyaların bərpası yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Ölkə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas halqalarından biri kimi çıxış edir və bu mövqenin güclənməsi beynəlxalq tərəfdaşların marağını artırır.
Ümumilikdə, ABŞ Vitse-prezidentinin Bakıya səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və diplomatik imkanlarının göstəricisi kimi qiymətləndirilə bilər. Bu səfər regionda yeni siyasi dinamika yarada, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirə, eyni zamanda, Azərbaycanın balanslı xarici siyasət kursunu daha da möhkəmləndirə bilər.
Azərbaycan üçün əsas prioritet isə dəyişməz qalır; milli maraqların qorunması, regional sabitliyin təmin edilməsi və müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi. Mövcud geosiyasi şəraitdə bu yanaşma ölkənin strateji mövqeyini daha da gücləndirən əsas amillərdən biri hesab olunur.
