Xəbərlər
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası: Cənubi Qafqazda yeni geosiyasi prioritetlər
Ramid Namazov
Milli Məclisin deputatı
Fevralın 10‒11-də ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” münasibətləri ən yüksək mərhələyə çatdırmaqla rəsmi şəkildə strateji tərəfdaşlığa çevirdi.
Bu sənəd Azərbaycan Prezidentinin altı ay əvvəl amerikalı həmkarı Donald Trampla Vaşinqtonda keçirilən tarixi görüşünün məntiqi davamı və nümayəndə heyətlərinin gördüyü gərgin və nəticəyönümlü işlərinin təzahürü, uğurla tamamlanan əzmkar fəaliyyətin təntənəsidir. Bununla da, Bakı və Vaşinqton arasında qarşılıqlı etimada əsaslanan hərtərəfli ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaranmış oldu.
Azərbaycan Prezidenti ilə ABŞ Vitse-prezidentinin təkbətək və geniş tərkibdə görüşləri zamanı apardıqları müzakirələr olduqca faydalı məzmun kəsb etməklə, ikitərəfli gündəliyin müxtəlif aspektlərini, həmçinin regional inkişafın istiqamətlərini dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, həmçinin Tramp-Vens administrasiyasının gələcəyə baxışı əsasında ABŞ-nin ikinci rəhbər şəxsinin ölkələr arasında tərəfdaşlığı gücləndirmək və ikitərəfli münasibətlərə töhfə vermək, uğurlu əməkdaşlıq üçün çalışmaq istəyinin nümayişi deməkdir.
Vitse-prezident Vensin “əfsuslar olsun ki, sonuncu administrasiyanın yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq” fikri Azərbaycana və onun Liderinə olan yüksək etibar və etimadın etirafı kimi qəbul edilir.
Ümumiyyətlə, müstəqillik dövründən indiyə qədər ABŞ administrasiyalarının Azərbaycanla bu qədər yaxın və isti təmasları, genişşaxəli əməkdaşlıq platformaları qurulmamışdı. Münasibətlərin maksimum siyasi zirvəyə yüksəlməsi məhz Prezident Əliyev və Prezident Trampın müdrikliyi, iradəsi və qətiyyətlərinin nəticəsidir.
ABŞ Vitse-prezidentinin mətbuata açıqlamasında da bəyan olunduğu kimi, onlar üçün Azərbaycanla uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluq əsas prinsipdir və Bakı bu dostluqda sadiqdir. Bu səbəbdən, qlobal lider olan ABŞ Azərbaycanla siyasi-iqtisadi, təhlükəsizlik, informasiya texnologiyaları və digər vacib sahələrdə yeni səhifə açmaq qərarını reallaşdırır.
Ölkəmizin antiterror əməliyyatlarında ABŞ və onun NATO üzrə müttəfiqləri ilə çiyin-çiyinə mübarizə aparması, koalisiya qoşunları içində Azərbaycan əsgərinin Əfqanıstandan ən sonuncu çıxanların içində olması Cey. Di. Vensin təbirincə desək, hərbçilərimizin dünyada az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazanmalarına səbəb olub. 2021-ci ildə Bayden-Harris administrasiyasının Əfqanıstandan “biabırçı qaçışı” fonunda Azərbaycan dövlətinə Azərbaycan torpağında bu cür təşəkkürün bildirilməsinin isə böyük rəmzi mənası var.
Əlbəttə, regional inkişaf və rifah arxitekturasının qurulmasının əsas başlıca amili sülh faktorudur. Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh etimadının qurulması regional inkişaf bumunu formalaşdırır. Bu proses dayanmadan öz siyasi-iqtisadi dividentlərini gətirir, altı ay ərzində möhkəmlənmiş sülh mühiti Azərbaycanın Ermənistanla iqtisadi-ticari əməkdaşlığı üçün başlanğıc yaradıb, ölkəmiz həm regional tranzitdəki bütün məhdudiyyətləri aradan qaldırıb, həm də özü Ermənistana neft məhsullarının təchizatına başlayıb.
Regiondakı davamlı səylərin mühüm nəticələrindən biri isə Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, bu yol Azərbaycanın iki hissəsini birləşdirməklə bərabər, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı bağlayacaq etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizinə çevriləcək.
Azərbaycan və ABŞ arasında əməkdaşlığın yol xəritəsini və uzunmüddətli birgə əməkdaşlığın konsepsiyası hesab ediləcək tarixi hesab ediləcək sənəd isə ‒ Strateji Tərəfdaşlıq Xartiyasıdır. Azərbaycan Prezidenti və ABŞ Vitse-prezidenti tərəfindən imzalanan bu strateji sənəd ikitərəfli münasibətlərin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyir.
Sənəd, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik, diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətləri əks etdirir. Bu prosesdə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinə xüsusi önəm verilməsi isə dünyanın bir nömrəli iqtisadiyyatı sayılan ABŞ-nin nəhəng biznes elitasının – qlobal iqtisadiyyatın liderləri olan korporasiya və şirkətlərin ölkəmizdə investisiya yatırımlarında təşviqlərini artıracaq.
Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşımaların tranzit qovşağı kimi beynəlxalq daşımaların axıcılığını təmin edir. Beynəlxalq ticarət-logistika ailəsi Azərbaycanın bu strateji və coğrafi mövqeyinin əhəmiyyətini nəzərə alaraq Orta Dəhlizdə ölkəmizə dəstək verir. Bu mühüm amilə Xartiya sənədində geniş yer verilib və Azərbaycanın ABŞ ilə regional bağlantılar, o cümlədən Orta Dəhlizin quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafında birgə addımlar atması planlaşdırılır. Hətta kritik mineralların qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq əsas prioritetlərdən biri kimi müəyyən edilib ki, bu da Vaşinqtonun strateji məhsulların tranzitində Azərbaycana etibar etməsinin göstəricisidir.
Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı isə “Tramp Marşrutu”nun ərsəyə gəlməsində öz əksini tapmaqdadır. Xartiyada multimodal bağlantı layihəsi kimi TRIPP-in əhəmiyyətinin qeyd edilməsi, habelə ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində addımların atılması barədə planlar Azərbaycan və ABŞ-nin Avrasiyada nəhəng nəql modelləri qurmasına işarədir. Bu, həmçinin qlobal bazarın enerji təchizatında Azərbaycanın imkan resurslarının şaxələnməsi üçün yeni qapıdır.
Hazırda Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i ABŞ-nin NATO üzrə müttəfiqləridir. Məhz bu baxımdan, Xartiyada bəndlərdən biri kimi enerji diversifikasiyasının diqqətdə saxlanması ölkəmizin enerji təminatçısı kimi rolunun daha da artmasına olan inamı ifadə edir.
Sənəddə mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi, kosmik sənaye, süni intellekt və rəqəmsal infrastruktur sahəsində də yaxın tərəfdaşlıq təmasların inkişaf etdirilməsi ilə bağlı prioritetlər isə rəqəmsal dövlət quruculuğunda iki dövlətin müştərək addımlar atılmasını nəzərdə tutmaqla, Cənubi Qafqaz-Mərkəzi Asiya regionunda texnoloji intibahın yaşanacağını ehtiva edir.
Xartiya Cənubi Qafqazda sülh üçün də təminat sənədidir. Azərbaycan və ABŞ sülh və rifah arxitekturası üzərində yaxın təmasları irəli apararaq təhlükəsizlik formatı əsasında beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verəcək.
Bu platforma, eyni zamanda, müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının əhatə dairəsini və antiterror fəaliyyətlərində əməkdaşlığı genişləndirmək üçün də vacib amildir. Həmçinin kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq, minatəmizləmədə səylərin birləşdirilməsi də təhlükəsizlik landşaftına söykənir.
Bir sözlə, Vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfəri Azərbaycan-ABŞ münasibətlərində müsbət mərhələ kimi tarixə düşərək regionda yeni geosiyasi prioritetləri müəyyən etdi.
