YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlıqdan real layihələrə: Azərbaycan–BƏƏ əlaqələrinin inkişaf xətti

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm önəm kəsb edir. Ölkəmizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək səviyyədə qarşılanması, iki lider arasında görüş zamanı müzakirə edilən mövzuların xarakteri əlaqələrin inkişafının göstəricisi hesab edilir. Dövlət başçıları tərəfindən Azərbaycan-BƏƏ arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. Həmçinin münasibətlərin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi xüsusi ilə qeyd edilib.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova Prezidentin BƏƏ-yə işguzar səfərinin əhəmiyyətindən bəhs edərkən deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsi kimi də yüksək dəyələndirilir: “Sözsüz ki, dövlətimizin başçısının BƏƏ-yə səfəri iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirərək siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin genişləndirilməsinə yeni imkanlar açır.

Səfər çərçivəsində Prezident İlham Əliyevin BƏƏ-nin ali rəhbərliyi ilə keçirdiyi görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb, qarşılıqlı etimada və hörmətə əsaslanan əlaqələrin regional və qlobal proseslər fonunda xüsusi önəm daşıdığını qeyd edilib.

Həmçinin görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərq və Cənubi Qafqazda baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan mövqelərin üst-üstə düşdüyü bir daha vurğulanıb”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri çərçivəsində əsas müzakirə edilən istiqamətlərindən biri də iqtisadi-ticarət əlaqələrinin inkişafı ilə bağlı olub: “Görüşlərdə enerji, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində saxlanılıb.

Xüsusilə Azərbaycanın yaşıl enerji strategiyası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iri infrastruktur layihələri BƏƏ investorları üçün cəlbedici istiqamətlər kimi təqdim edilib. Bu kontekstdə BƏƏ-nin qabaqcıl şirkətləri ilə birgə layihələrin icrası, texnologiya və investisiya transferi məsələləri müzakirə olunub.

Azərbaycan və BƏƏ enerji sahəsində uzunmüddətli əməkdaşlıq təcrübəsinə malikdir. Səfər zamanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerji sahəsində birgə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər enerji təhlükəsizliyi, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri ilə mübarizə məsələlərində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd olunub.

Eyni zamanda səfər çərçivəsində humanitar və mədəni sahədə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edən mühüm amil kimi qiymətləndirilib”.

Sevinc Hüseynova Azərbaycanla BƏƏ arasında müdafiə sahəsində əməkdaşlığın da bu səfərdə bir daha diqqət mərkəzində olduğunu vurğulayıb: “Səfər çərçivəsində Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimini izləyiblər ki, bu iki ölkə arasında hərbi əməkdaşlığın xarakterini göstərən mühüm amildir.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri Azərbaycanın xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış xarakterini bir daha nümayiş etdirir. Nəticə etibarilə, səfər Azərbaycan–BƏƏ əlaqələrinin yeni mərhələyə yüksəlməsinə zəmin yaratmış, qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığın gələcək illərdə daha da dərinləşəcəyinə dair möhkəm əsaslar formalaşdırıb”.