Xəbərlər
Gənclər siyasəti: uğurlu gələcəyə aparan yol
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Gənclər Gününü qeyd edirik. Ümummilli Lider Heydər Əliyevin gənclərə bu müraciətini xatırlatmaq istərdik: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
Ulu Öndər Heydər Əliyev bu fikirləri ilə gənclərimizə inamını, güvənini ifadə etdi. Bu inam Ümummilli Liderin gənclərin inkişafına yönələn addımlarında özünün aydın ifadəsini tapdı. Azərbaycan gənclərə yönəlik siyasətində bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra 1998-ci ildə gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.
Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
Bu reallıq daim vurğulanır ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə gənclərin inkişafına diqqət yetirirdisə, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi əsas çağırışlar sırasında oldu. Gənclərə diqqət bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verdi. Bu isə öz növbəsində Azərbaycan gəncində özünə inamı artırdı, daha səylə çalışmasına, potensial imkanlarını genişləndirməsinə stimul oldu.
Bu gün müasir müstəqil, eyni zamanda, qalib Azərbaycan dövlətinin gəncindən danışırıq. Bu, ikiqat məsuliyyətdir. Azərbaycanı müxtəlif yarışlarda təmsil edən Azərbaycan gənci bu qalibiyyəti qorumaq üçün daha böyük məsuliyyət hissi daşıyır. Azərbaycanda hansı sahəyə baxsaq gənclərimizin fədakarlığını, vətənpərvərlik hissindən irəli gələn addımlarının uğurlu nəticələrini görürük. Prezident İlham Əliyev tarixi Zəfərimizin çağırışları fonunda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Yeni dövrün çağırışlarını özündə əks etdirən bu sənədin uğurlu icrası gənclərimizin qarşısında daha geniş imkanlar açdı. Azərbaycan gəncliyi hər zaman yeniliyə, təkmilləşməyə maraq göstərir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, eyni zamanda, Azərbaycanın müasir texnologiyalar sahəsində malik olduğu imkanların təqdimatı oldu. Bu isə öz növbəsində Azərbaycan gəncinin yenilikləri öyrənməsində və tətbiqində hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək prioritetdir. Təsdiqlənən Dövlət Proqramları, İnkişaf Strategiyası ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmağa, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməyə, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə xidmət edir.
