Xəbərlər
Azərbaycanın inkişafını sürətləndirən uğurlu gənclər siyasəti
İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan gənclərinin təşkilatlanması və ümummilli problemlərin həlli uğrunda mübarizəyə başlaması XIX əsrin sonu-XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan gəncliyi ilk dəfə 1902-ci ildə “Müsəlman gənclik təşkilatı” adı altında birləşmişdir. Sonralar böyük inkişaf yolu keçmiş, 1918-ci ildə milli azadlıq hərəkatının aparıcı qüvvələrindən biri olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında yaxından iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ məkanında ümumittifaq komsomol təşkilatının tərkib hissəsi olan Azərbaycan gənclər təşkilatı cəmiyyətdə fəal rol oynamaqla yanaşı, həm də gənclərin mütəşəkkil ictimai-siyasi qüvvəyə çevrilməsində yaxından iştirak etmişdir.
Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsində gənclərimizin müstəsna xidməti də əvəzsizdir. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə dəstələrinin yaradılmasında və düşmənə müqavimət göstərilməsində də gənclərimizin xidmətləri böyükdür. 1990-cı il yanvarın il 19-20-də sovet qoşunlarının Bakıda və respublikanın digər rayon və şəhərlərində törətdikləri qanlı cinayətlərin də ilk şəhidləri gənclər olmuşlar.
Əfsuslar olsun ki, Azərbaycanın yenidən müstəqillik qazandığı ilk illərdə yaranan gənclər təşkilatları respublikadakı hərc-mərclik şəraitində dövlətin vahid gənclər siyasətinin işlənib hazırlanması istiqamətində heç bir əməli işə görə bilməmişdilər.
Nəhayət 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı gənclərin qarşısında duran problemlərə və onların həlli yollarına münasibəti kökündən dəyişməyə imkan yaratdı. Azərbaycan gənclərinin yenidən təşkilatlanması zərurəti tam ciddiliyi ilə irəli sürüldü.
Azərbaycanda tarixi ənənələrə, milli dəyərlərə, dövlətçilik maraqlarına və dövrün reallıqlarına uyğun gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Ulu Öndər Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. O, gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdıraraq, gəncliyin inkişafının ictimai-siyasi bünövrəsini möhkəmləndirdi. Heydər Əliyevin gənclər siyasətinin məqsəd və istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati əsaslarının formalaşdırılması üçün atdığı addımlar Azərbaycanın inkişafına, hüquqi dövlət quruculuğuna töhfə oldu. Heydər Əliyevin siyasəti nəticəsində mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatı Azərbaycan gəncliyi formalaşdı.
1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. O vaxtdan başlayaraq dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sahəsinde bir sıra işlər görüldü.
1996-cı il fevralın 2-də Müstəqil Azərbaycan Gənclərinin I forumu keçirildi. Forumda çıxış edən Heydər Əliyevin proqram xarakterli nitqi müstəqil respublikamızda gənclər siyasətinin həyata keçirilməsi istiqamətində dövlət orqanlarının vəzifələrinin müəyyənləşdirilməsində başlıca rol oynadı. 1997-ci ildə 2 fevral Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər günü kimi qeyd edilməyə başladı.
1999-cu ildə keçirilən II forum dövlət gənclər siyasətinin keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoydu. Elə həmin ildə ölkə prezidentinin imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərmanı respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətinin gənclik problemlərinin həllinə yönəldilməsi baxımından olduqca qiymətli sənəd olub, bu gün də Azərbaycan gənclər təşkilatlarının fəaliyyət proqramı kimi həyata keçirilir.
Bundan başqa Respublikada yaradıcı gənclərin aşkar edilməsi, onlara diqqət və qayğının artırılması istiqamətində görülmüş işlər də diqqəti cəlb edirdi. 1999-cu ilin sentyabrında Gənclər, İdman və Turizm Nazirliyinin kollegiyasında “Yaradıcı gənclər üçün mükafatların təsis edilməsi haqqında” məsələ müzakirə edilmiş və qəbul edilmiş qərara uyğun olaraq müxtəlif sahələr üzrə layiq görülmüş 21 istedadlı gəncə 2 fevral - Azərbaycan Gəncləri Günündə mükafatlar təqdim edilmişdir. Eyni zamanda Gənclər və İdman, Təhsil və Müdafiə nazirlikləri birgə yeniyetmə və gənclərlə vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Müstəqil Respublikamızda gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı sahəsində də mühüm nailiyyətlər qazanılmışdır ki, bunlarda Gənclər, İdman və Turizm Nazirliyi ilə yanaşı gənclər təşkilatlarının da böyük əməyi olmuşdur. Belə ki, beynəlxalq yarışlarda iştirak edən Azərbaycan idmançıları ölkəyə müxtəlif medalların gətirilməsinə nail olurdular. Gənclərin əldə etdiyi belə nailiyyətlərə Heydər Əliyev həmişə yüksək qiymət verirdi. O, idmançıların əməyini həmişə yüksək qiymətləndirərək hətta obrazlı bir müqayisə apararaq bildirirdi ki, yalnız Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən Azərbaycan himni səslənir və Azərbaycanın dövlət bayrağı qaldırılır.
İdmançılarımız təkcə 1996-cı ildə ayrı-ayrı idman növləri üzrə 80-dən çox respublika yarışında, 70-dən çox beynəlxalq turnirdə iştirak etmiş, Avropa və dünya birinciliyi, kubok yarışlarında 68 medal, o cümlədən 22 qızıl, 17 gümüş, 29 bürünc medal qazanmışdılar.
1997-ci il idmançılarımız üçün xüsusilə fərəhli olmuşdu. Həmin il idmançılarımız müxtəlif səviyyəli beynəlxalq yarışlarda 49 qızıl, 46 gümüş, 37 bürünc medal əldə etmişdilər.
1998-ci ildə respublika Milli Olimpiya Komitəsinin (MOK) konfransının keçirilməsi, İlham Əliyevin MOK-a prezident seçilməsi ölkəmizdə idmanın inkişafına güclü təkan verirdi.
Həmin ildə Heydər Əliyevin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” Qanunun qüvvəyə minməsi idmanın hüquqi bazasının təminatını gücləndirdi. 1998-ci ildə idmançılarımız dünya, Avropa Kuboku yarışlarında və çempionatlarında uğurla çıxış edərək respublikamıza 168 medal, o cümlədən 60 qızıl, 45 gümüş, 63 bürünc, 1999-cu ildə idmançılarımızın 179 beynəlxalq yarışda 166 medal, o cümlədən Olimpiya idman növləri üzrə 15 qızıl, 14 gümüş və 21 bürünc medala sahib olmuşdular.
2000-ci il avqustun 26-da olimpiyaçılarla keçirilmiş görüşdə Heydər Əliyev Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış 31 nəfər idmançımızı öz xeyir-duası ilə yola salmışdı. Onlardan iki nəfəri qızıl, bir nəfəri bürünc medala layiq görülmüşdülər. Digər idmançılarımızla birlikdə ümumi komanda hesabında 199 ölkə arasında 34-cü yeri tutaraq ölkəmizin şərəfini ucaltmışdılar.
Qeyd etməliyik ki, indi də idmançılarımız bir çox beynəlxalq yarışlarda iştirak edərək yüksək nəticələr göstərirlər. Bu isə Azərbaycan gəncliyinin, o cümlədən onların ən sağlam, gümrah və güclü hissəsini təşkil edən idmançılarımızın daha böyük uğurlar qazandığından xalqımızın yeni gözəl nəsil tərbiyə etdiyini və yetişdirdiyini bir daha bütün dünyaya nümayiş etdirirlər. Bu uğurlar ilk növbədə dövlətimizin gənclər siyasətinin parlaq nəticəsi kimi qiymətləndirilə bilər.
1998-ci il fevralın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin I Ümumrespublika toplantısında gənclərin seçkilərdə fəal iştirakının təmin olunması məqsədilə Heydər Əliyevin nitqindən irəli gələn vəzifələrin öyrənilməsi və təbliği gənclər təşkilatlarının fəaliyyətində mühüm yer tutmuşdur.
Bu gün YAP-ın ümumxalq partiyası kimi inkişafını, Azərbaycanın tərəqqisinə müstəsna töhfələr verməsini şərtləndirən mühüm amillərdən biri uğurlu gənclər siyasətidir.
Yeni Azərbaycan Partiyası da hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın məqsədyönlü fəaliyyətinin müstəsna rolu vardır. Əlbəttə, yenilikçi və fəal qüvvə olan gənclərin seçimimin Yeni Azərbaycan Partiyası olması təsadüfi deyil. Çünki gənclərin xalqa və dövlətə faydalı ideyalarını dəstəkləyən YAP Azərbaycanın dünəni, bu günü olduğu kimi, gələcəyi olduğunu da öz əməli fəaliyyəti ila sübuta yetirib.
Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət verərək gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Gənclərin Yeni Azərbaycan Partiyası sıralarına intensiv şəkildə daxil olması bunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də gənclər siyasətinin təşkili sahəsində səmərəli və məqsədyönlü fəaliyyəti ilə prosesə layiqli töhfə verir, Heydər Əliyev irsinin təbliği və təşviqini həyata keçirir. Bundan əlavə YAP-a gənclərin cəlb edilməsini, YAP-ın gənc üzvlərinin səmərəli fəaliyyətinin təmin olunmasını, gənclərlə ideoloji və siyasi maarifləndirmə işinin aparılmasını, gənclərin Azərbaycanın ictimai-siyasi həyatında, dövlətçiliyin möhkəmlənməsində rolunun artırılmasını həyata keçirir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasan 2007-ci ilin “Gənclər İli” elan edilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığın daha da yüksəlməsinə səbəb oldu. Ən mühüm məqamlardan biri gənclərin Prezident İlham Əliyevin islahatlar kursunun çox mühüm qüvvəsini təşkil etməsidir. Dövlət başçısının kadr islahatları, gənclərə müxtəlif vəzifələrdə etimad göstərilməsi, onların məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmələri üçün şərait yaradılması Azərbaycanın inkişafının sürətlənməsini və milli gücünün artmasını şərtləndirir.
Bir sözlə Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Bu gün Prezident İlham Əliyev uğurlu gənclər siyasəti həyata keçirməklə, gəncliyin inkişafına xüsusi diqqət göstərməklə bir növ Azərbaycanın gələcəyini inşa edir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti müasir çağırışlara və milli maraqlara tam uyğundur. Bu siyasətin başlıca məqsədi gənclərin müxtəlif sahələrdə yüksək fəallığının təmin olunması, onların milli-mənəvi dəyərlərə, sadiqliyə və vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bunun nəticəsidir ki, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda ölkənin ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərə, tarixi köklərinə, dövlətə və Vətənə həmişə sadiqdirlər. Eyni zamanda Azərbaycan gəncliyi ölkə başçısının ətrafında sıx birləşib, çünki gənclərin ona olan inamı və güvəni sonsuzdur.
