YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda gənclər siyasəti hər zaman prioritetdir

Nigar Məmmədova

Milli Məclisin deputatı

Gənclər siyasəti milli inkişafın tərkib hissəsi kimi strateji əhəmiyyətə malikdir. Belə ki, uğurlu gənclər siyasəti gələcəyə milli sərmayədir. Nəzərə alsaq ki, uzunmüddətli milli inkişafın təmin edilməsi baxımından gənclər gələcək innovator və liderlərdir, bu sahədə əldə edilən istənilən uğur davamlı milli inkişaf üçün sabit intellektual baza təmin edir.

Effektiv gənclər siyasəti eyni zamanda milli kimlik hisslərinin formalaşmasına zəmin yaradır. Belə ki, gənc nəslə düzgün dəyərlər, qanunun aliliyi hissi və sosial məsuliyyət hissi aşılamaq, sağlam vətəndaş mədəniyyəti formalaşdırmaq üçün istiqamət verilir. Xüsusilə dil, mədəniyyət və tarix təhsili sahəsində gənclər siyasəti milli mədəniyyətin və kimliyin qorunmasına, dəyərlərin təhrif olunmasının qarşısını almağa kömək edir. Qloballaşma, rəqəmsallaşma və sürətli dəyişikliklər kontekstində gənclərin düzgün yönləndirilməsi daha vacibdir.

Azərbaycanda da gənclər siyasəti hər zaman prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan bu sahədə bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.

Belə ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra — BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə — 12 avqust Beynəlxalq Gənclər Günü elan edilib.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə ardıcıl gənclər forumları keçirilməyə başladı.

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. “Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”, — deyən Ulu Öndərin imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadrlar kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər davam etdirilir.

Bu gün Azərbaycan gəncləri yüksək intellektə, müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına malikdir.

Gənclərin idarəçilik sisteminə cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata keçirilir. “Yüksəliş” müsabiqəsindən çıxan bir çox gənc artıq bu etimadı doğruldub. Azərbaycan gənclərinin fəaliyyətinin stimullaşdırılması, onların elmi və yaradıcılıq potensialının düzgün yönəldilməsi məqsədilə dövlət proqramları icra olunub və bu proses davam edir. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Məhz bunların nəticəsidir ki, ölkəmizin daxili və xarici siyasətinin həyata keçirilməsində gənclərimiz bu gün fəal rol oynayırlar. Bütün sahələrdə idman, mədəniyyət, iqtisadiyyat, ictimai fəaliyyət sahəsində onlar aktiv iş görürlər, ölkəmizi uğurla təmsil edirlər. Təsadüfi deyil ki, 2013-cü ildən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib və hər il müxtəlif fəaliyyət sahələrində xüsusi fərqlənən istedadlı gənclərimiz bu mükafata layiq görülürlər.

Gənclərimiz həm də dünyada öz cəsarəti və vətənpərvərliyi ilə seçilir.

Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi ərazi bütövlüyümüzün, sərhədlərimizin müdafiəsi uğrunda canını fəda etməyə hazırdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, heç vaxt Qarabağı görməyən, amma Qarabağ uğrunda, Vətən uğrunda ölümə getməyə hazır olan gənclər yetişib.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”.

Azərbaycan gəncliyi bu gün həm də informasiya müharibəsinin ön cəbhəsindədir. Birgə səylər nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə edir.

Bu gün Azərbaycan gəncliyinin uğurları bir daha təsdiqləyir ki, gənclər siyasəti strateji baxımdan dövlətin təhlükəsizliyi, inkişafı və gələcək uğurları üçün əsas sütunlardan biridir.