Xəbərlər
Azərbaycan gəncliyi milli və qlobal düşüncəyə malik bir nəsil kimi ölkənin gələcəyini formalaşdırır
“Ölkəmizdə gənclər siyasətinin formalaşması və inkişafı dövlətçilik tariximizin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu siyasətin institusional və ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə müasir çağırışlara uyğun şəkildə davamlı və sistemli formada inkişaf etdirilib. Bu mənada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi, onların intellektual, sosial və vətənpərvər potensialının reallaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, müstəqilliyin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi xaos, idarəetmədə sistemsizlik və iqtisadi böhran gənclərlə bağlı məqsədyönlü siyasətin formalaşmasına imkan vermirdi: “Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər sosial müdafiəsizlik, məşğulluq problemləri və perspektivsizliklə üz-üzə qalmışdı. Gənclərin potensialı nə dövlət idarəçiliyində, nə də ictimai proseslərdə yetərincə dəyərləndirilirdi.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu mənzərə köklü şəkildə dəyişdi. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi qiymətləndirərək, onları dövlət quruculuğunun əsas dayaqlarından birinə çevirdi. Beləliklə, ulu öndər Heydər Əliyev dövründə gənclər siyasətinin institusional əsasları formalaşdırıldı.
Məhz Ulu Öndər Heydər Əliyev tərəfindən gənclər siyasətinə strateji baxış bucağından yanaşılaraq bir sıra fundamental addımlar atıldı. 1995–1996-cı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərin ictimai-siyasi proseslərə cəlb olunması baxımından mühüm mərhələ oldu. Xüsusilə 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu dövlət–gənclər dialoqunun başlanğıcı kimi tarixə düşdü. Beləliklə, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildə fevralın 2-si ölkəmizdə Gənclər Günü qeyd edilməyə başlanıldı. Məhz həmin tarix Azərbaycan Gənclər Günü kimi təsis edildi və bu addım MDB məkanında bir ilk oldu.
1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərlə iş sahəsində dövlət idarəetməsinin institusional əsaslarını möhkəmləndirdi. Eyni zamanda gənclərin təhsilinə xüsusi önəm verildi, xaricdə təhsil proqramları genişləndirildi, istedadlı gənclərin stimullaşdırılması məqsədilə “Prezident təqaüdü” təsis olundu. Bütün bu addımlar Heydər Əliyevin azərbaycançılıq ideologiyasına söykənən, vətənə bağlı, savadlı və məsuliyyətli gənc nəslin formalaşdırılmasına xidmət edirdi”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə gənclər siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlib: “Bu mərhələnin əsas xüsusiyyəti gənclərin yalnız sosial obyekt deyil, həm də fəal inkişaf subyekti kimi qəbul edilməsidir. Gənclərin məşğulluğu, sosial təminatı, liderlik və idarəçilik bacarıqlarının inkişafı dövlət proqramlarının əsas xəttinə çevrildi.
2007-ci ilin “Gənclər ili” elan olunması, ölkə üzrə “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, 2011-ci ildə Gənclər Fondunun təsis edilməsi bu siyasətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. Gənclər Fondunun qrant mexanizmi gənclərin elm, mədəniyyət, innovasiya və sosial layihələrdə fəal iştirakına geniş imkanlar açdı.
2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi isə gənclərin fərdi nailiyyətlərinin dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsi oldu. Bununla yanaşı, “Yüksəliş” müsabiqəsi gənc və perspektivli kadrların üzə çıxarılması və kadr ehtiyatının formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.
Gənclər siyasətinin mühüm istiqamətlərindən biri də idman və sağlam həyat tərzinin təşviqidir. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkədə onlarla Olimpiya İdman Kompleksi inşa edilmiş, Azərbaycan beynəlxalq idman arenalarında güclü mövqeyə sahib olmuşdur. Gənc idmançıların qələbələri ölkənin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.
Eyni zamanda Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, qlobal platformalarda fəal iştirak edərək ölkənin mövqeyini layiqincə təmsil eedir. Bu, gənclərin yalnız milli deyil, həm də qlobal məsuliyyət daşıyan vətəndaşlar kimi formalaşdığını göstərir”.
Sevinc Hüseynova bildirib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində formalaşan gənc nəsil 44 günlük Vətən müharibəsində öz tarixi missiyasını yerinə yetirdi: “Azərbaycan gəncləri həm döyüş meydanında, həm də informasiya cəbhəsində yüksək vətənpərvərlik nümunəsi göstərdi. Bu Zəfər bir daha sübut etdi ki, illərdir həyata keçirilən gənclər siyasəti təsadüfi deyil, düşünülmüş və gələcəyə hesablanmış strategiyadır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji-siyasi xətt və Prezident İlham Əliyevin müasir inkişaf strategiyası əsasında davamlı şəkildə inkişaf edir.
Bu siyasət gəncləri ölkənin sosial, iqtisadi, siyasi və hərbi potensialının əsas dayağına çevirib. Bu gün Azərbaycan gəncliyi savadlı, təşəbbüskar, vətənpərvər və qlobal düşüncəyə malik bir nəsil kimi ölkənin gələcəyini formalaşdırır”.
