Xəbərlər
Azərbaycan Davos İqtisadi Forumunda fəal iştirak edib
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri
Bu gün dünya xalqları sırasında iqtisadi-siyasi və mədəni inkişaf səviyyəsi ilə layiqli yer tutan, regionda söz və iradə sahibi olan Azərbaycan Respublikası həm də sülhün qarantı kimi tanınan diyara çevrilmişdir.
20 yanvar 2026-cı il tarixdə Davosda Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və ölkəmizin bu dəyişikliklərə verdiyi cavabı aydın şəkildə ortaya qoydu. Ölkə başçısının səsləndirdiyi mövqelər qlobal proseslərin real mənzərəsini və Azərbaycanın bu reallıqlara uyğun strateji xəttini əks etdirir. Müsahibədə qeyd edilən əsas məsələlərdən biri beynəlxalq hüququn müasir dünyada əvvəlki təsir gücünü itirdiyi ilə bağlıdır. Belə bir şəraitdə Azərbaycan milli maraqlara söykənən, eyni zamanda beynəlxalq hüququn prinsiplərinə uyğun siyasət yürütməklə suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir.
Müstəqilliyimizin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın ikinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə iki əsrlik münaqişəyə, 30 ilə yaxın işğala son qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaxın Şərqdə sülhü mökəmləndirərək, bölgədə əmin-amanlıq, qarşılıqlı dostluq yaratmaq üçün səylərini artırdı, bölgəyə sülh gətirdi. Azərbaycan Respublikası Zəfər qazanmış ölkə kimi Ermənistana sülh əlini uzatdı. Bu da ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasətinin bəhrəsi kimi dünya xalqları tərəfindən razılıqla qarşılandı. Bütün dünya gördü ki, Azərbaycanın başqa dövlətlərin torpaqlarında gözü yoxdur. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə yüksək xitabət kürsülərində bəyan etmişdir ki, “Biz öz suveren hüquqlarımızı təmin etmişik.” Düşmənin sülhə məcbur edilməsi nəticəsində Cənubi Qafqazda əmin-amanlıq yaradıldı, işğaldan azad olunmuş ərazilərimizdə Ali Baş Komandanın xeyr-duası ilə qlobal əhəmiyyətli quruculuq işlərinə start verildi. İşğal nəticəsində düşmən tərəfindən dağıdılıb yerlə-yeksan olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: “Müharibə artıq tarixdə qaldı. Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi öz əllərimizlə yaradırıq, əminəm ki, bütün planlarımız, bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış məcburi köçkünləri ən qısa müddətdə öz doğma torpaqlarına qaytaracağıq”.
Sülh, əmin-amanlıq şəraitində yaşayan ölkəmizdə bu gün geniş quruculuq işləri aparılır. Azərbaycan Respublikası beynəlxalq mövqelərini böyük dərəcədə möhkəmləndirir. Bu gün dünyada Azərbaycana böyük hörmətlə yanaşılır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 2026-cı il yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində də Azərbaycanın beynəlxalq hüquqa söykənərək bölgəyə sülh və əmin-amanlıq gətirdiyini vurğulayaraq demişdir: “Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquq normalarına və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyimiz kimi beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bildik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə ilk növbədə öz bölgəsində sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.
Bu bir həqiqətdir ki, Ermənistanla tarixi sülh razılaşması ilə Cənubi Qafqaza qlobal səviyyədə sülh gətirildi, kommunikasiya yollarının bərpasına şərait yaradıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi “Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz 5-6 aydır ki, sülh şəraitində yaşayırıq, buna öyrəşirik. Öz müstəqilliyimiz tarixində heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təhcizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzun müddətli deyil, əbədi sülhə nail olacağıq.”
Davosda səsləndirilən mövqelər göstərir ki, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan yeni qlobal reallıqları düzgün qiymətləndirərən, milli maraqlara söykənən və uzunmüddətli strateji hədəflərə hesablanmış siyasət həyata keçirir. Bu xətt Azərbaycanın regional sabitlikdə, enerji təhlükəsizliyində və beynəlxalq etibarlılıqda mövqelərini daha da gücləndirir.
Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı tərəfdaşlıq mövqeyindən çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya xalqları ilə beynəlxalq münasibətlərin mökəmlənməsi istiqamətində atdığı hər bir addımı dəstəkləyir və öz Prezidenti ətrafında birləşir. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı” na layiq görülməsi hər bir Azərbaycan övladının qəlbən sevincidir. Bütün bunlar göstərir ki, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu isə insanlara xoşbəxtlik, əmin-amanlıq vəd edir.
