Xəbərlər
Qlobal çağırışlar fonunda: Davosdan Bakıya geostrateji baxış
19–23 yanvar tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısı bir daha göstərdi ki, qlobal siyasət və iqtisadiyyat artıq yalnız böyük güclərin rəqabət meydanı deyil, eyni zamanda regional aktorların da taleyüklü qərarların qəbulunda söz sahibi olduğu mühüm platformadır. Bu mötəbər beynəlxalq məkan dövlətlərin mövqelərinin səsləndirilməsi, yeni əməkdaşlıq formatlarının formalaşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu kontekstdə Prezident İlham Əliyevin Davos Forumunda iştirakı siyasi-iqtisadi potensialı artan Azərbaycanın beynəlxalq nüfuzunu, təşəbbüskar mövqeyini və strateji əhəmiyyətini növbəti dəfə nümayiş etdirib. Dövlətimizin başçısının Forum çərçivəsində keçirdiyi görüşlər və verdiyi mesajlar respublikanın qlobal gündəmdə fəal iştirak edən, etibarlı tərəfdaş kimi qəbul olunan aktor statusunu daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin Davos çərçivəsində keçirdiyi görüşlər və səsləndirdiyi mövqelər bir daha göstərdi ki, respublika artıq yalnız enerji ixracatçısı kimi deyil, Avrasiya məkanında nəqliyyat marşrutlarının, təhlükəsizlik arxitekturasının və çoxtərəfli iqtisadi əməkdaşlığın əsas mərkəzlərindən biri kimi çıxış edir. Forumda dövlətimizin başçısının vurğuladığı əsas məqamlardan biri Şərqlə Qərb, eləcə də Şimalla Cənub arasında etibarlı körpü funksiyasının daha da gücləndirilməsidir. Orta Dəhlizin artan əhəmiyyəti, Zəngəzur nəqliyyat perspektivi və Cənubi Qafqazın logistika xəritəsində respublikanın mərkəzi mövqeyi Davos auditoriyasına konkret faktlar və real göstəricilər əsasında təqdim edilib. Bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan təkcə regional təşəbbüslərin deyil, həm də qlobal tədarük zəncirlərinin və beynəlxalq iqtisadi inteqrasiyanın ayrılmaz və etibarlı halqasına çevrilib.
“Davos–2026” çərçivəsində enerji təhlükəsizliyi yenə də əsas müzakirə mövzularından biri kimi ön planda idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təminatında oynadığı strateji rolu vurğulayaraq, uzun illər ərzində formalaşmış etibarlı və məsuliyyətli tərəfdaş imicini diqqətə çatdırıb. Dövlətimiz tərəfindən reallaşdırılan layihələr təkcə resursların ixracını deyil, həm də sabitlik, proqnozlaşdırıla bilənlik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini təmin edir.
Bununla yanaşı, müzakirələr yalnız neft və qaz sektoru ilə məhdudlaşmayıb. Bərpaolunan enerji, “yaşıl enerji”yə keçid və yeni enerji marşrutlarının formalaşdırılması kimi məsələlər də ölkənin uzunmüddətli strategiyasının mühüm istiqamətləri kimi təqdim olunub. Bu yanaşma respublikanın enerji siyasətinin gələcəyə hesablanmış və şaxələndirilmiş xarakter daşıdığını bir daha nümayiş etdirib.
Davos platformasında Prezident İlham Əliyevin verdiyi mesajlardan biri də Cənubi Qafqazda yeni reallıqlar və sülh gündəliyi ilə bağlı idi. Dövlətimizin başçısı Azərbaycanın uzun illər davam edən Qarabağ problemi məsələsini hərbi-siyasi mərhələdə həll etdiyini, hazırda isə regionda dayanıqlı sülh və əməkdaşlıq üçün konkret addımlar atıldığını qeyd edib. Bu mesaj beynəlxalq auditoriyaya çatdırılıb, Azərbaycan revanşist ritorikaya deyil, iqtisadi inteqrasiya və regional sabitliyə əsaslanan gələcək qurmaq niyyətindədir.
Forum çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər Prezident İlham Əliyevin Davosdakı fəaliyyətinin mühüm hissəsini təşkil edir. Qlobal maliyyə institutları və transmilli investisiya şirkətləri ilə aparılan danışıqlar Azərbaycanın investisiya mühiti, hüquqi sabitliyi və uzunmüddətli strateji baxışı haqqında aydın təsəvvür yaradıb. Bu görüşlər göstərir ki, Azərbaycan beynəlxalq areanada proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi qəbul olunur.
Əfəndi İbrahimli
Politoloq
