Xəbərlər
Davos Forumu ölkəmizin dünyaya siyasi-iqtisadi inteqrasiyasını daha da sürətləndirir
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni və dəyişən dünya nizamına baxışını əhatəli şəkildə ortaya qoydu. Dövlət başçısı vurğuladı ki, müasir mərhələdə beynəlxalq hüquq normalarının hamı üçün eyni dərəcədə işləməməsi reallığı mövcuddur və bu şəraitdə hər bir ölkə öz milli maraqlarına əsaslanan siyasət yürütməlidir. Azərbaycanın seçdiyi yol da hüquqa söykənən, lakin real güc balanslarını nəzərə alan praqmatik strategiya üzərində qurulub.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının beynəlxalq hüququn çərçivəsində həyata keçirildiyini xüsusi qeyd etdi. Onun sözlərinə görə, ölkənin atdığı addımlar təkcə siyasi baxımdan deyil, ümumbəşəri dəyərlər prizmasından da əsaslandırılıb. Qlobal münasibətlərin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə mümkün qədər geniş tərəfdaşlıq şəbəkəsi quraraq öz mövqelərini möhkəmləndirib.
Dövlət başçısının toxunduğu mühüm məqamlardan biri də Cənubi Qafqazda formalaşan yeni sülh mühitidir. Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini uzun illər davam etmiş qarşıdurmalardan sonra bölgədə sabitliyin qurulmasına yönəlmiş səylərə verilən qiymət kimi dəyərləndirdi. O bildirdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlər tədricən əməkdaşlıq mərhələsinə keçir, nəqliyyat və ticarət sahəsində atılan addımlar qarşılıqlı fayda yaradır və regionda davamlı sülh üçün real zəmin formalaşdırır.
Regional təhlükəsizlik məsələlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın sərhədləri ətrafında baş verən prosesləri diqqətlə izlədiyini qeyd etdi. Qonşu ölkələrdə yaranan qeyri-sabitlik risklərinin regiona təsir göstərə biləcəyini bildirən dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün əsas prioritet sülh, proqnozlaşdırılan mühit və sabitlikdir. Uzun illər münaqişənin acı nəticələrini yaşamış bir ölkə kimi, respublika bu dəyərlərin alternativsiz olduğunu açıq şəkildə ortaya qoyur.
Enerji bazarları ilə bağlı mövqeyini açıqlayan Prezident İlham Əliyev qlobal proseslərin neft qiymətlərinə ciddi dalğalanmalar yaratmadığını, bunun isə həm istehsalçılar, həm də istehlakçılar üçün planlaşdırma baxımından vacib amil olduğunu bildirdi. O, Cənubi Qafqazda və ətraf regionlarda vəziyyətin gərginləşməməsinin enerji bazarları üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bütün dövlətləri regional təhlükəsizliyə töhfə verməyə çağırdı.
Müsahibədə Azərbaycanın enerji sektorundakı aparıcı mövqeyi də geniş şəkildə şərh olundu. Prezident İlham Əliyevin sözlərinə görə, ölkə Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və onları qonşularına ixrac edən yeganə dövlətdir. Azərbaycan artıq on altı ölkəyə təbii qaz tədarük edir və bu ölkələrin əksəriyyəti Avropa İttifaqına daxildir. Müasir nəqliyyat infrastrukturu və geniş boru kəməri şəbəkəsi Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da artırır, eyni zamanda ixracın coğrafiyasının genişlənməsi Azərbaycanın iqtisadi imkanlarını gücləndirir.
Davos müsahibəsi göstərdi ki, Azərbaycan dəyişən beynəlxalq mühitdə öz strategiyasını aydın şəkildə müəyyənləşdirən, sülhə, sabitliyə və balanslı əməkdaşlığa əsaslanan xəttini qətiyyətlə davam etdirən müstəqil aktor kimi çıxış edir.
