YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Euronews” televiziya kanalına müsahibə verib. Müsahibə zamanı Prezident regional və qlobal proseslər, Azərbaycanın iqtisadi və siyasi prioritetləri, enerji təhlükəsizliyi, postmünaqişə dövründə aparılan işlər və ölkənin beynəlxalq arenadakı mövqeyi ilə bağlı mühüm mesajlar səsləndirib.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın artan beynəlxalq roluna xüsusi diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə enerji sahəsində ölkənin Avropa üçün strateji əhəmiyyət daşıdığını qeyd edən dövlət başçısı, Azərbaycanın təbii qaz ixracının coğrafiyasının genişləndiyini və bu sahədə uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını bildirib.

Müsahibədə enerji təhlükəsizliyi əsas mövzulardan biri olub. Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji ixracatçısı deyil, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli ölkə olduğunu vurğulayıb. Dövlətimizin başçısı, Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyini və Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynadığını qeyd edib. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrdən danışaraq Azərbaycanın “yaşıl enerji” gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.

Prezident İlham Əliyev postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə də toxunub. O bildirib ki, azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri icra olunur, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Dövlət başçısı bu prosesin Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb.

Müsahibədə regional sülh və əməkdaşlıq məsələləri də ön plana çıxıb. Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün əldə olunmasının mümkünlüyünü qeyd edərək, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirib. Dövlət başçısı, regionda yeni əməkdaşlıq formatlarının yaradılmasının həm iqtisadi, həm də siyasi baxımdan bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.

Prezident İlham Əliyevin “Euronews”ə müsahibəsi Azərbaycanın beynəlxalq ictimaiyyətə ünvanlanan aydın və ardıcıl mesajlarının növbəti nümunəsi oldu. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda qlobal problemlərin həllində konstruktiv mövqe nümayiş etdirir.

DİGƏR Xəbərlər Arxiv