Xəbərlər
Praqmatik xarici siyasət dövlətimizə regional və qlobal səviyyədə geniş fəaliyyət imkanları yaradır
Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində olduqca mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq amil olması faktını önə çəkdi. Bu xüsusda ölkəmizin strateji məqsədlərinin milli maraqlar əsasında formalaşdığı qeyd edildi. Eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa tam riayət edərək düzgün strategiya müəyyənləşdirdiyi vurğulandı.
Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüquqa uyğun adım idi: “Artıq beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğu da diqqətə çatdırıldı. Məhz bu xüsusda dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafata layiq görülməsi mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı da bəyan etdi ki, bu yüksək ali mükafat otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında göstərilən səylərə verilən qiymətdir. Bu bir reallıqdır ki, artıq Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan addımlar məhz bu realllığı təmin edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasına Azərbaycan tərəfindən məhdudiyyətlərin aradan qaldırılması bu xüsusda vacib əhəmiyyətə malikdir. Bütün bunlar isə dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi Qafqazda uzunmüddətli və əbədi sülhə nail olmaq üçün oldquca təsirli addımlardır. Bu gün Azərbaycan daxilində olan ictimai-siyasi sabitlik sözsüz ki, onun regional və qlobal miqyasda ortaya qoyduğu təşəbbüslərin də reallaşmasında başlıca amildir”.
Sevinc Hüseynova hesab edir ki, Dünya İqtisadi Forumunun Davos toplantısı qlobal siyasi və iqtisadi elitanın əsas diskussiya platformalarından biri kimi beynəlxalq gündəmin formalaşmasında mühüm rol oynayır: “Prezident İlham Əliyevin bu mötəbər platformada “Euronews” televiziyasına verdiyi müsahibə isə təkcə cari proseslərə münasibət deyil, eyni zamanda Azərbaycanın dəyişən dünya nizamında öz yerini necə müəyyən etdiyini göstərən strateji baxış kimi dəyərləndirilir. Ölkəmizin başçısının müsahibəsində əsas xətt qlobal beynəlxalq münasibətlər sisteminin dərin transformasiyaya uğramasıdır. Dövlət başçısının “dünyanın artıq qanunun aliliyi ilə deyil, güc amili ilə idarə olunması” barədə fikirləri mövcud geosiyasi reallığın açıq təsviridir. Bu yanaşma beynəlxalq hüququn selektiv tətbiqi, ikili standartlar və böyük güclərin maraqlarının üstün tutulması fonunda formalaşan yeni reallığı ifadə edir.
Bu kontekstdə Prezidentin mesajı ondan ibarətdir ki, orta və kiçik dövlətlər idealist yanaşmadan daha çox realist strategiyalar üzərində qurulmuş siyasət yürütməlidir. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq öz təhlükəsizliyini, suverenliyini və milli maraqlarını təmin edən praqmatik xətt seçib.
Müsahibədə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici siyasət modelinin təqdimatıdır. Prezident İlham Əliyev Azərbaycanın nə bir güc mərkəzindən asılı, nə də qarşıdurma tərəfdarı olan ölkə kimi çıxış etdiyini vurğulayır. Bu balanslı siyasət ölkəyə həm regional, həm də qlobal səviyyədə manevr imkanları yaradır.
Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel əməkdaşlıq aparması, ideoloji deyil, maraqlara əsaslanan tərəfdaşlıq modeli qurması Davos auditoriyasına ünvanlanan əsas mesajlardan biri idi. Bu yanaşma xüsusilə qeyri-sabit beynəlxalq mühitdə ölkənin dayanıqlığını artıran əsas faktorlardan biri kimi çıxış edir.
Prezident İlham Əliyevin müsahibəsində enerji məsələləri xüsusi yer tutur. Azərbaycan təkcə enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin mühüm aktoruna çevrilib. Avropa üçün alternativ və etibarlı enerji mənbəyi olan Azərbaycan, bu sahədə siyasi etibarlılıq və uzunmüddətli öhdəliklər üzərində qurulmuş model təqdim edir. Eyni zamanda Prezidentin vurğuladığı kimi, enerji sektoru Azərbaycanın yeganə prioriteti deyil. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması ölkənin uzunmüddətli strategiyasının əsas dayaqlarıdır. Bu mesaj Davos kimi investor yönümlü platformada xüsusilə mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Avropa institutları ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını göstərir. Dövlət başçısı bəzi Avropa strukturlarının qərəzli və birtərəfli mövqelərinə emosional reaksiya verilmədiyini, münasibətlərin artıq daha çox praktik əməkdaşlıq müstəvisində qurulduğunu bildirib.
Müsahibədə regional sabitlik mövzusu da xüsusi yer tutur. Prezident İlham Əliyev Azərbaycanın yerləşdiyi coğrafiyanın mürəkkəbliyini nəzərə alaraq, təhlükəsizlik məsələlərinin prioritet olduğunu açıq şəkildə ifadə edir. Qonşu regionlarda baş verən proseslərə ehtiyatlı yanaşma və mümkün risklərin öncədən qiymətləndirilməsi Azərbaycanın strateji düşüncə tərzinin tərkib hissəsidir. Bu, Azərbaycanın regional proseslərdə məsuliyyətli aktor kimi çıxış etmək niyyətini və münaqişələrdən daha çox sabitlik və inkişaf gündəmini önə çəkmək istəyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibə sadəcə aktual suallara cavab deyil, Azərbaycanın dəyişən dünya düzənində özünü necə gördüyünü və hansı prinsiplərlə hərəkət etdiyini ortaya qoyan konseptual çıxışdır. Qlobal qeyri-müəyyənlik şəraitində praqmatizm, milli maraqlara söykənən siyasət və balanslı əməkdaşlıq modeli Azərbaycanın əsas strateji xətti kimi təqdim olunur. Bu müsahibə Davos auditoriyasına ünvanlanan aydın mesajdır: Azərbaycan qlobal proseslərin passiv müşahidəçisi deyil, yeni reallıqlara uyğun mövqeyini formalaşdıran və müdafiə edən müstəqil aktordur.
