YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqının azadlıq iradəsinin təcəssümü

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatnın sədri

“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı idi. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqı milli kimliyini sübut etmək üçün meydanlara çıxmışdı. Ona görə də bu tarix qanla yazılsa da, Azərbaycan xalqının tarixinə şərəfli bir səhifə kimi daxil oldu”. Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, o dövrdə Azərbaycanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə ölkəmizi cəzalandırmaq məqsədilə Kreml Qanlı Yanvar qırğınını törətməklə xalqımızın iradəsini sındırmağa çalışırdı:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıda və Azərbaycanın bir neçə rayonunda xalqımıza qarşı qanlı cinayətlər törətdi. Sovet ordusuna məxsus xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi misli görünməmiş vəhşiliklə müşahidə olundu.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi. Qanla yazılan bu tarix müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi idi. Bu qanlı qırğınlar təkcə Bakı ilə yekunlaşmadı. Bakıdan sonra 1990-cı ilin yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Respublika üzrə ümumilikdə həmin qanlı hadisələr zamanı 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak vəhşicəsinə gülləbaran edilərək dağıdıldı”.

20 Yanvar hadisələri həmin dövrdə öz ambisiyalarını reallaşdırmağa çalışan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunanların əsl mahiyyətini üzə çıxardı:“Məhz AXC–Musavat cütlüyü hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilmədi. Hər zaman Azərbaycan xalqının taleyini düşünən Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı ilk rəsmi etirazını bildirən şəxs oldu. Sovet hakimiyyətinin bu qanlı cinayətinə etiraz edən Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymət verildi.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoyan Ümummilli Lider Heydər Əliyev cənab İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı faciə və onun təşkilatçıları barədə dünya ictimaiyyətinə məlumat verdi. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən qərar qəbul etdi. Daha sonra isə Ümummilli Liderin təşəbbüsü və göstərişi ilə 1994-cü ilin martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi”.

YAP Abşeron rayon təşkilatının sədri vurğulayıb ki, 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə birlik, həmrəylik və əzmkarlıqla cavab verdi: “Xalqımız 30 il sonra da tarixi torpaqlarımızın düşmən işğalından azad olunması naminə birlik, bərabərlik və həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı bir daha öz əzmini və iradəsini göstərərək 20 Yanvardan başlayan azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməklə davam etdirdi. Xalqımızın birliyinin və gücünün simvoluna çevrilmiş “Dəmir Yumruq” Vətən torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələndi”.

DİGƏR Xəbərlər Arxiv