Xəbərlər
Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutur. 1990-cı il yanvarın 20-də sovet imperiyasının totalitar rejimi tərəfindən Bakıda və ölkənin bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirilən hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib, minlərlə insan yaralanıb. Bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik arzularını boğmaq məqsədi daşısa da, əksinə, milli iradəni daha da möhkəmləndirib və müstəqillik yolunda dönüş nöqtəsinə çevrilib.
Vurğulanıb ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Faciədən bir gün sonra - 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqla həmrəy olduğunu bəyan edib, törədilən qətliamı hüquqa, demokratiyaya və humanizm prinsiplərinə zidd olan ağır cinayət kimi qiymətləndirib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ülvi Nəcəfov, DAİM ərazi partiya təşkilatının sədri Mehman Babayev, Əksipara ərazi partiya təşkilatının sədri Elvin Məhərli, İrəvanlı ərazi partiya təşkilatının sədri Lətifə İbrahimova, Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Nailə Həsənova, Qaz İstismar İdarəsi ərazi partiya təşkilatının sədri Kəmalə Baxşəliyeva çıxış edərək 20 Yanvar faciəsinin müstəqilliyə aparan yolun başlanğıcı olduğunu vurğulayıb, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən sosial dəstək və imtiyazlardan bəhs ediblər.
