Xəbərlər
“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda anım tədbiri keçirilib.
Tədbir Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin ərazi partiya təşkilatında baş tutub.
Tədbirin rəsmi hissəsindən öncə iştirakçılar “20 Yanvar faciəsi məktəblilərin gözündə” adlı sərgiyə baxış keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin, o cümlədən 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Zeynallı, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Müsənbər Kazımova və digər partiya fəalları bildiriblər ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən artıq 36 il ötür. Qeyd olunub ki, illər keçməsinə baxmayaraq, bu dəhşətli cinayət aktı öz tarixi və siyasi mahiyyətini itirmir. Həmin gün azadlıq və istiqlaliyyət uğrunda ayağa qalxmış dinc əhaliyə qarşı törədilən bu terror aktı beynəlxalq hüququn, xüsusilə də İnsan Hüquqları üzrə beynəlxalq konvensiyaların kobud şəkildə pozulması idi.
Vurğulanıb ki, Sovet rejiminin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı cinayətə ən kəskin siyasi mövqeni Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında ifadə edib.
Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilib.
Anım tədbiri çərçivəsində Şəmkir rayon 7 illik Uşaq Musiqi Məktəbinin təqdimatında bədii hissə nümayiş olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
