Xəbərlər
Lənkəranda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirib. O qeyd edib ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir: “Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 36 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur”. Onun sözlərinə görə, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir.
İ.Əmənullayev diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.
Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova və digərləri qeyd ediblər ki, 20 Yanvar hadisəsi yalnız faciə kimi xatırlamamalıdır. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir.
Sonda 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
