Xəbərlər
Türkiyənin xarici işlər naziri Milli Məclisdə olub
Noyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Sədr bildirib ki, ölkələrimiz arasında qarşılıqlı rəsmi səfərlərin sayının artması əlaqələrimizi daha da möhkəmləndirir. Son zamanlar Türkiyədə baş verən terror hadisələrindən biz də narahatlıq hissi keçiririk.
Hər dəfə Azərbaycana səfər etməkdən böyük qurur hissi keçirdiyini deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz növbəsində noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə qazanması və Oqtay Əsədovun yenidən parlamentin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Türkiyəli nazir parlamentarilərimizin beynəlxalq qurumlardakı birgə əməkdaşlığını yüksək qiymətləndirib. O, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını qeyd edib.