Xəbərlər
Qəhrəmanlıq səhifəsi
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Çoxəsrlik tariximizin hüzn və şərəf səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 36 il ötür. Arxada qalan hər il faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında zəngin mənbəyə çevrilir. Tarixinə sahib çıxan, yenilməzliyi, məğrurluğu ilə daim dünyanın diqqətində olan Azərbaycan xalqı zəngin tariximizin hər bir səhifəsinin öyrənilməsinə, gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verir. Çap edilən kitablar, yazılan elmi əsərlər, tarixi mənbələr həqiqətlərimizin daha dolğun şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Hər zaman bu reallıq da vurğulanır ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq hər zaman tarixin sərt sınaqlarından şərəflə çıxar.
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. 1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. Qadın, qoca, uşaq demədən, vətəndaşlar ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
20 Yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından bəhs edərkən təbii ki, ilk olaraq Ulu Öndər Heydər Əliyevin Vətəninə, xalqına, millətinə bağlılığından, sevgisindən irəli gələn cəsarətli addımı, siyasi iradə nümunəsi göz önünə gəlir. Faciənin ertəsi günü - yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə bildirmişdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin Qərarında vurğulanmışdır: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Milli Məclisin qəbul etdiyi Qərarda, o cümlədən 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırıldı.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
